Gəncədə liftin şaxtasına düşən qız öldü

Mayın 10-da Gəncə şəhərində yerləşən mağazalar şəbəkəsinin birində liftin şaxtasına düşən qız ölüb.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızı satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alıb.

O, mayın 18-də müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Allah rəhmət eləsin!