Ağsuda bayraq yürüşü keçirilib

Noyabrın 9-da səhər saatlarında Ağsu şəhərinin küçələri izdihamlı idi. Dövlətçiliyin, müstəqilliyin simvolu olan Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən yüzədək avtomobil, əllərində bayraqlar olan yüzlərlə gənc və yeniyetmə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və bu gün təntənəli sürətdə qeyd olunan Bayraq Günü münasibətilə yürüşə çıxmışdılar. Bu gün ikiqat bayram idi. Dünən şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim Şuşa şəhərini azad edib. Necə deyərlər, bayram bayrama qatılıb.

İctimaixeber.com xəbər verir ki, şəhərin qərb hissəsindən Ağsu-Kürdəmir yolunun başlanğıcından başlayaraq avtomobillər, ardınca isə piyadalar bayraq yürüşünə çıxmışdı. Polisin müşayiəti ilə keçirilən yürüş şəhərin bütün mərkəzi küçə və prospektlərini əhatə edib. Avtomobil siqnalları, piyadaların “Qarabağ Azərbaycandır!” “Ali Baş Komandana eşq olsun!” “Yaşasın Azərbaycan Ordusu!” “Yaşasın Azərbaycan!” kimi şüarları bütün küçəboyu səsləndirilib, səhərçağı yatan fidanları belə küçələrə çıxarıb.

İnsanlar Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad edilməsi münasibətilə bir-birlərini təbrik edir, Qarabağımızın tezliklə tam azad olunmasını - Böyük Qələbə Gününü səbirsizliklə gözlədiklərini bildiriblər.


  Ağsuda bayraq yürüşü keçirilib
  Ağsuda bayraq yürüşü keçirilib