Yurdumuza Bahar gəlir

Bayramınız mübarək əziz xalqım!

Deyirlər hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, şirin meyvələrlə süfrələri bəzəyən yayında, təbiəti min rəngə çalan al-əlvan naxışlı baharın da öz cazibəsi var. Yurdumuza elimizə, obamıza bahar gəlir. Bahar gözəllik fəslidir. Bahar gələndə təbiət canlanır. Günlər uzanmağa başlıyır, gecə-gündüz bərabərləşir. Torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Təbiət, bəzi heyvanlar qış yuxusundan oyanır. Havalar yavaş-yavaş isinir. İlin ilk çiçək fəsli başlayır. Çayların suyu artır. Dərələrə, düzlərə, çəmənliklərə sanki allı-güllü yaşıl xalı sərilir. Köçüb getmiş quşlar geri dönür. Quşlar yazın gəlişini cəh-cəhlə, şirin nəğmələrlə qarşılayırlar. İnsanların ovqatı təzələnir. Torpağın donu açılır. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Yaşıl örpəkli bahar. Yazda təbiətin yaşıl örtüyə bürünməsi, ağacların yarpaqlanması, meyvə ağaclarının cicəklənməsi, yaşıllıqlar arasında müxtəlif rəngli və xoş ətirli çiçəklərin boy göstərməsi əsrlərdən bəri insanlara əsrarəngiz təsir bağışlayıb.
Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu “Bahar bayramı” adlanır. Sonralar bu bayramı “Novruz bayramı” adlandırmışlar. Bəzi Şərq xalqlarında bu bayram həm də “Yeni il” bayramı kimi qeyd olunur. Novruz səmimiyyət bayramı, xoş arzular, niyyətlər bayramıdır. Fevralın 26-da baharın ilk müjdəçisi olan “Su çərşənbəsi”ni qarşıladıq. Hələ qarşıda “Yel, Od, Torpaq” çərşənbələri, Novruz bayramı gəlir. Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahsına salınmışdır.
Yurdum, Vətənim həmişə bahar ovqatlı olsun. Xalqımızın üzündən bahar gülüşü, bahar şənliyi əskik olmasın.

Yurdumuza xoş gəlmisən ey fəsillər gözəli!


Yeganə Telmanqızı
“İctimaixeber.com”