XOCALI POLİSİNİN QARABAĞ DÖYÜŞLƏRİNDƏN BU GÜNƏDƏK KEÇDİYİ ŞƏRƏFLİ YOL

Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir.

Ümummilli lider Heydər Əliyev


Azərbaycan polisi 1988-ci ildən başlayan erməni millətçilərinin cinayət əməllərinə qarşı mübarizə aparmış, Qarabağ döyüşlərində rəşadət göstərərək, dinc sakinləri hücumlardan və əsir düşməkdən qorumuşdur. Erməni təcavüzü nəticəsində şəhər və kəndlərimiz işğala məruz qalır, talan edilir, həmyerlilərimiz faciələrlə üzləşirdi. Məlumdur ki, ordusuz bir respublikanın müdafiəsinə ilk öncə polislərimiz qalxmışdı. Azərbaycan polisi tək cinayət əməlləri ilə mübarizə aparmır, eyni zamanda ön cəbhədə düşmənlərə ağır zərbələr vururdu. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının ilk dəfə 11 nəfər şəhid olan polis əməkdaşına verilməsi təsadüfi deyil.
Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövətçiliyə sədaqət nümunəsidir.”
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyevin üzərinə düşüb. Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra Xocalının bir sıra polis əməkdaşı dövlət mükafatları ilə təltif olunmuşdur.
Xocalı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda erməni quldurlarına qarşı şücaətlə döyüşmüş, öz canlarını sipər edərək yüzlərlə soydaşımızı düşmən gülləsindən, əsir düşməkdən xilas etmişdir. İşğalçı ermənilərin Xocalıya hücumları ara vermirdi və hər cəhdlərində layiqli cavabı alırdılar. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Xocalı aeroportunun komendantı Əlif Hacıyev, əməkdaşlardan Kamil Məmmədov, Asif Usubov, İlham Qarayev və digərləri hadisə yerinə gedərək 50-60 nəfər yaralını xilas edərək xəstəxanaya çatdırmışlar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ermənilərin törətdiyi cinayət əməllərinə tutarlı qarşılıq verilirdi.
İrəvandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatdırılmışdı. Həmin təyyarələrlə ermənilər Xankəndinə hərbi sursat daşıyırdılar. Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə endirildi. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər. İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 nəfər polis əməkdaşı da qəhrəmancasına şəhid oldu. Xocalı soyqırımında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Xocalı hava limanı xətt daxili işlər bölməsinin rəisi və Xocalı aeroportunun komendantı Əlif Hacıyevdir. Azərbaycanın qorxmaz oğulları torpaq uğrunda hər zaman öz canından keçməyə hazırdır.


“İctimaixeber.com”

XOCALI POLİSİNİN QARABAĞ DÖYÜŞLƏRİNDƏN BU GÜNƏDƏK KEÇDİYİ ŞƏRƏFLİ YOL