Bu gün Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramıdır.

Qurban bayramınız mübarək.

Bayramlar həyatımızdakı, məişətimizdəki müstəsna günlərdir. Çünki daha çox bayramlarda yad edərik bir-birimizi, hər tərəfdə birlik, bərabərlik, qardaşlıq ab-havası hakim olar. Aramızdakı məsafələr azalar, həsrətə son qoyular bu günlərdə.
Belə günlərdən biri dinimizdəki iki əsas bayramdan biri olan Qurban bayramıdır. Müsəlmanlar bu bayramı hicri təqvimdəki qəməri aylardan olan zilhiccənin onuncu günündən başlayaraq üç gün qeyd edirlər. Qurban bayramının əsas ayini qurbanlıq heyvanın kəsilməsidir. Onun mahiyyətində isə Allah rizası üçün kəsilmiş qurban ətinin kasıblarla bölüşüb, onları sevindirmək və Rəbbimizin mərhəmətini və razılığını qazanmaq dayanır. “Həcc” surəsinin 37-ci ayəsində bu barədə buyurulmuşdur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)”.
İnsanları halallığa, paklığa və humanizmə səsləyən Qurban bayramının maraqlı tarixi vardır. Belə ki, Dini qurban kəsmə allahın elçisi İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Dinimizdə qurban ibadətin yerinə yetirilməsinin müəyyən şərtləri vardır. Bu şərtlər qurbanlığın kəsilməsi və paylanması ilə əlaqədardır.
Qurbanlıq heyvan bayram namazı qılındıqdan sonra bayramın üçüncü günü axşam namazınadək kəsilə bilər. Həzrət Peyğəmbərin (s) hədislərinin birində deyildiyi kimi, Ərəfə və ya bayramın ilk üç günündən sonra qurban kəsmək doğru deyil: “Bu gün görəcəyimiz ilk iş, bayram namazını qıldıqdan sonra evimizə qayıdaraq qurban kəsmək olacaqdır. Kim bayram namazından öncə qurban kəsərsə, bunun yerinə digərini kəssin, yoxsa kəsdiyi qurban sayılmaz” (“Səhihi-Buxari”).
Qurbanlıq kimi seçilən heyvan qoyun, keçi, iribuynuzlu mal-qara, yaxud dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğu üçün erkək mal-qaranın kəsilməsinə üstünlük verilir. Qurbanlığın sağlam və nöqsansız olması da şərtdir. Bir qoyunu, yaxud keçini tək, iribuynuzlu heyvanı isə bir neçə nəfər birləşib kəsə bilər.
Qurbanlığı şəxsin özünün kəsməsi daha faydalıdır. Bəzi hədislərdə qurbanlığı Rəsulullahın (s) şəxsən kəsdiyi qeyd edilmişdir. Lakin şəxs qurbanlığı özü kəsə bilmədikdə bunu başqasına həvalə edə bilər. Qurban kəsən şəxs heyvana əziyyət verməməlidir. O, “Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllahu vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd” dedikdən sonra “Bismilləhi Allahu əkbər” söyləyərək qurbanı kəsməlidir. Qurban kəsildikdən sonra sahibinin iki rükət namaz qılaraq Allaha şükür etməsi daha gözəl olar.
Qurban ətinin üç bərabər hissəyə bölünməsi məsləhətdir. Bir hissəsi qurbanlıq kəsə bilməyən kasıblara, digər qismi qohum-əqrəbaya, qalanı isə şəxsin özü üçün ayrılsa, daha yaxşıdır. Qurbanın əti və dərisi satıla bilməz.
Bu bayramın ən gözəl cəhətlərindən biri din və məzhəb ayrı-seçkiliyinə yol vermədən hamıya eyni münasibətin bəslənməsidir. Dinindən və məzhəbindən asılı olmayaraq, kimsəsizin və yoxsulun zəngin insanların imkanlarından faydalanaraq qurbanlıqdan dadmaq haqqı vardır. Cəmiyyətdə birlik və qardaşlıq hisslərini gücləndirən Qurban bayramında varlılar kasıbların könlünü xoş edib Allah rizasını qazanmaqla, yoxsullar da dünya nemətlərini əldə etdiklərinə görə şükranlıq hissi ilə sevinərlər.
Islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Bu il Qurban bayramı avqustun 22-23-nə təsadüf edir. Əziz həmvətənlərimiz! Allah-Təala bizə qarşıdan gələn bayramlarımızı erməni işğalından azad etdiyimiz torpaqlarımızda keçirməyi nəsib etsin...


Bayramınız mübarək! Allah kəsdiyiniz qurbanları qəbul etsin! AMİN.

Yeganə Telmanqızı
“İctimaixeber.com”