Şəhid Xəyyam Daşdəmirovun 40 mərasimi keçirilib

Bu gün Xəyyam Daşdəmirovun şəhid olmasının 40-cı günüdür.

İctimaixeber.com xəbər verir ki, ilk öncə İsmayıllı rayon rəhbərliyi tərəfindən şəhidin məzarı ziyarət olunub, xatirəsi anılıb, məzarı üstünə əklillər qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar edilib.

Daha sonra şəhidin ailəsinin evinə gedilib, doğmalarına baş sağlığı verilib. Eyni qaydada ictimaiyyətin nümayəndələri də karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə mərhələli şəkildə ziyarətdə iştirak ediblər. Tədbir zamanı koronavirusa qarşı zəruri profilaktik işlər görülüb, dezinfeksiya işləri aparılıb, ziyarətçilərin məsafədən ölçən termometrlə hərarətləri yoxlanılıb, müvafiq qoruyucu tibbi vasitələrlə təmin olunub.

Rayon rəhbərliyi tərəfindən şəhidin məzar daşı qoyulub, ətrafı abadlaşdırılıb. Balik kəndi istiqamətində magistral yoldan şəhidin ailəsinin yaşadığı mənzilə qədər, 1 kilometr məsafədə olan yol və evin həyəti asfaltlanıb.

Qeyd edək ki, 20-21 avqust 2020-ci il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş Karate-Do üzrə açıq ölkə turniri keçirilib.