ONLAR VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.

Yeganə Telmanqızı yazır- Şəhidlərin xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq.

Qubadlı uğrunda döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 9 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.

Onların döyüş yolu və həyat fəaliyyəti ilə sizləri tanış edirik:

ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Əliyev Əliyar Yusif oğlU

Döyüşlərdə onun adı bir əfsanəyə dönmüşdü.

Əliyar Yusif oğlu Əliyev 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir. 1980-ci ildə hərbi xidmətə getmişdir. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllım işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıtmışdır.
O, bir müddət rayon orta məktəbində müəllım işləmiş, “Məhsul” kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilmişdir. O, respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Gənc pəhləvan, eyni zamanda, bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.
Əliyar Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. O, rayonda Xalq Hərəkatına rəhbərlik edir, demokratik qüvvələrin birləşməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərirdi. Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri də Əliyar Əliyev olmuşdur. 1990-cı il ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi. Tabor komandiri düşmənin taktikasına yaxşı bələd idi. O, hücumun ya gecə yarıdan keçmiş, ya da səhər açılmamış başlayacağını təxmin etmişdi və zənnində yanılmamışdı. Dan yeri sökülməmiş, Topağac yüksəkliyi toplardan şiddətli atəşə tutuldu. Əliyar Əliyevin başçılıq etdiyi dəstə hücumu qətiyyətlə dəf edərək, düşmənə güclü əks-zərbə endirdi. Cəsur komandirin uzaqgörənliyi nəticəsində döyüş tam qələbə ilə başa çatdı; düşmən xeyli canlı qüvvə və hərbi texnikasını itirərək, geri çəkılməyə məcbur oldu. 1992-ci il sentyabrın 30-da Əliyar Əliyevin komandirlik etdiyi tabor Laçın rayonunun ərazisini erməni işğalçılarından azad etmək üçün güclü hücum əməlıyyatına başladı. Qısa müddət ərzində düşmənin 30-dan artıq mövqeyi darmadağın edildi. Ağır itki verən erməni yaraqlıları vahimə içərisində geri çəkılməkdə, cəsarətli partizan dəstəsi isə irəliləməkdəydi. Artıq “Sussuz dağ”, “Suarası” yüksəklikləri geridə qalmışdı. Qarşıda isə görüləsi çox işlər var idi. Buna görə də komandir tələsir, bu zəfər yürüşünü davam etdirməyə can atırdı. Sonra Laçın rayonunun mərkəzində gedən döyüşlər... Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.
1992-ci il 3 oktyabr... Şurumbaşı yüksəkliyi və qanlı döyüşlər... Əliyar Əliyevin taboru “Tikanlı zəmi” deyilən dağa qədər irəliləmişdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin o, yüksəkliyə çata bilmədi, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.
Evidir. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəkı küçələrdən biri onun adını daşıyır. Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Mirzəyev Kərəm Ərşad oğlu

“Laləzar” əməliyyatında da Kərəm Mirzəyevin böyük xidmətləri olub.

Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində Ərşad kişinin ailəsində ekiz övladları Kərəm və Yasəmən dünyaya gəlmişdir. Kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndislər İnstitutuna daxil olur. 1983-ci ildə təhsilini başa vuraraq doğulub boya-başa çatdığı doğma rayonuna Qubadlıya qayıdır. 1983-1985-ci illərdə sovet ordus sıralarında Arxangelsk və Murmansk şəhərlərində həqiqi hərbi xidmətdə olur. 1990-cı ildə Qubadlı Rayon Polis Şöbəsində sahə müvəkkili kimi iş fəaliyyətinə başlayır. Sonra gənc polis zabiti DİN-in göndərişi ilə Kalininqrad Ali Hüquq Akademiyasında təhsil alıb. Vətəninin başının üstünü qara buludlar alanda o da torpaqlarımızın erməni işgalçılarından müdafiəsinə qalxır. Kərəm 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarıb. “Laləzar” əməliyyatında da onun böyük xidmətləri olub.
K.Mirzəyev 1992-ci il 1 oktyabr… Laçın rayonunun Mazutlu kəndində gedən şiddətli döyüş meydanında yoldaşlarını xilas edərkən özü qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ailəli idi 1 oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qubadlı rayonunun Xanlıq kəndində dəfn olunub. Xanlıq kənd orta məktəbi onun adını daşıyır. Xanlıq kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Ağayev Bəylər Tapdıq oğlu

Ağayev Bəylər- “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun”

Bəylər Tapdıq oğlu Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulub. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdır.
1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edir.
1992-ci il avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” və hücuma keçirlər. Onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələrdə özləri ən uca zirvə şəhidlik zirvəsinə ucalırlar.
Subay idi.
Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Qarağaclı kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni işğalı altındadır.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Atakişiyev Aslan Qabil oğlu

Son döyüşdə son nəfəsinədək vuruşan Aslan düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.

Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə onuncu sinfi bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə əsgəri xidmətini yerinə yetirib doğma kəndə qayıtmışdır. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə təhsilini başa vuraraq Muradxanlı kənd orta məktəbində müəllimliyə başlamışdır. Erməni işğalçılarının törətdikləri cinayətləri gördükcə, rayon işğal edildikdən sonra Laçın camaatının fəryadını, ərşə çıxan səsini eşitdikcə qəlbi intiqam hissi ilə alovlanırdı. Aslan Atakişiyev Qubadlı bölgə alayına yazılır, sərhəd kəndlərinin qorunmasında canını belə əsirgəmir.
1992-ci il yanvarın 5-də O, Milli Ordu sıralarına qəbul olunaraq, leytenant rütbəsi ilə tabor komandirinin müavini təyin edilir. Laçın torpaqlarının azad olunması uğrunda gedən döyüşlərin təşkilatçılarından olan Aslan rayonun Səfiyan, Mazutlu, Türklər, Yuxarı və Aşağı Fərəcan, Suarası və başqa kəndlərində gedən qanlı döyüşlərdə igidlik nümunəsi göstərərək, düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdi.
1992-ci il 7 avqust...Son döyüş... Əsgərlərimiz Laçın dəhlizi ərazisində və Susuzdağ yüksəkliyində gedən döyüşlərdə düşmənin mövqelərini atəşə tutaraq onları irəliləməyə qoymurdular. Bu döyüşdə son nəfəsinədək vuruşan Aslan düşmənə əsir düşməmək üçün axırıncı gülləsini öz ürəyinə sıxır.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbayan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Axundov Səfa Fətulla oğlu

Səfa Axundov- “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər”

Səfa Fətulla oğlu Axundov 1958-ci il iyunun 19-da Qubadlı rayonunda dünyaya gəlmişdir. 1975-ci ildə Qubadlı Qəsəbə Orta Məktəbini bitirmişdi. Hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu 1975-ci ildə onu Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra, 1976-cı ildə Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. 1979-cu ildə həmin məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.
1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.
Qarabağ hadisələri başlananda qeyrətli Azərbaycan oğulları kimi Səfa Axundovun da dincliyi, rahatlığı pozuldu. Duz-çörəyimizi, haqq-sayımızı itirən nankor qonşularımızın əsassız torpaq iddiaları gənc Səfanı hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü: “Gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə birinci növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq”.
Səfa Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qürbət eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələri ilə çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu.
Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Moskva əsassız ərazi iddiaları qaldıran ermənilərə öz qəti sozünü demir, əksinə, millətlərarası ədavəti qızışdırır, Azərbaycanın daxili işlər orqanlarında avtomat silahların, hətta əhalidən ov tüfənglərinin yığışdırılması barədə qərar verir, bu sahədə Ermənistanda heç bir tədbir görülmürdü. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Səfanın səbrini tükəndirmişdi. O, cəmiyyətin 1990-cı ilin iyun ayında keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Şair demişkən, indi hünər vaxtı, qeyrət dəmidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”.
Səfa Axundov qeyrətli, vətənpərvər bir oğul olduğu kimi, həm də gözəl xasiyyətli bir insan idi, o sözünə əməl etdi. 1990-cı il iyul ayının əvvəlində Vətənə yola düşdü. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Səfagilin həyəti yanvarın 28-də Şuşa şəhərinə iki dəfə müvəffəqiyyətli uçuş həyata keçirdilər. Üçüncü uçuşda Səfanı ehtiyat pilotla əvəz etmək istədilər. Lakin S.Axundov bu qərarla razılaşmadı.: “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” dedi. Mİ-8 vertolyotu Qarabağ səmasında 3000 m yüksəklikdə uçur, Şuşa şəhərinə yaxınlaşırdı.1992- ci il 28 yanvar saat 16.20 dəqiqədə...Uçuşu müşahidə edənlərin dediklərinə görə bizim vertolyot Xankəndi istiqamətindən atılan “Stinger” raketi ilə vuruldu. Güclü partlayış səsi eşidildi və vertolyotu tüstü bürüdü. Həmin anda vertolyot 2000-2200 m yüksiklikdə idi. Güclü atəşdən Mİ-8-in mühərriki alışıb yanırdı. İkiyə bölünmüş gövdədən 6-7 sərnişin yerə düşdü. Özlərini itirməyən heyət vertolyotu təhlükəsiz yerə Kərkicahan qəsəbəsi yaxınlığındakı yola endirməyə cəhd göstərdi. Lakin bu mümkün olmadı. Artıq idarə olunmayan vertolyot dağın sıldırım qayalarına dəyib parça-parça oldu. Üç heyət üzvü və 40 nəfər sərnişin faciəli sürətdə həlak oldu. Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. Günahsız adamların faciəli surətdə həlak olmasını gözləri ilə görən şuşalılar bu dəhşətli hadisəni unuda bilmirlər. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında məzara tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Səfa Axundov ailəli idi. Onun iki oğul yadigarı qalıb.
Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuş, rayon mədəniyyət evinə və şəhərin küçələrindən birinə onun adı verilmişdir.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Əliyev Ələkbər Həsən oğlu

Ələkbər hər an qaçqın həmvətənlərinin halına acıyıraq, onlara mənəvi dayaq olmağa çalışırdı.

Ələkbər Həsən oğlu Əliyev 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra iki il Sovet Ordusu sıralarında xidmət etmişdir. O, Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyində çalışır. Bir müddət sonra doğulduğu kəndə qayıdır və kənd camaatının istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin edilir.
Erməni vandalizmi Ələkbər Əlıyevi bir an da olsun rahat buraxmırdı. O, hər an qaçqın həmvətənlərinin halına acıyıraq, onlara mənəvi dayaq olmağa çalışırdı. Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı.O, döyüşlərdə əsl qəhrəman kimi vuruşurdu. İşğal altında olan Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv etdi.
Laçın rayonunun Suarası kəndində ağır ölüm-dirim döyüşləri gedirdi.
1992-ci il 7 avqust... Ələkbər Əlıyev öz dəstəsi ilə həmin kəndə köməyə gedir. Burada mühasirəyə düşürlər. Ələkbər Əliyev öz əsgərlərini xilas etmək üçün əlbəyaxa döyüşə girir. Neçə-neçə erməni quldurunu məhv edən cəsur döyüşçü qəhrəmanlıqla həlak olur.
Evlidir. Dörd övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Ələkbər Həsən oğlu Əlıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Kərimov Kazımağa Mövsüm oğlu

Baş leytenant Kazımağa Kərimov qələmi silahla əvəz etdi.

Kazımağa Mövsüm oğlu Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində doğulmuşdur. Qara İlyasov adına Qubadlı şəhar orta məktəbini bitirdikdən sonra rayonun “Avanqard” qazetinin mətbəəsində yığıcı işləmişdir.
1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Kazımağa Kərimov təhsil illərində həm respublika, həm də rayon qəzetlərində maraqlı yazılarla çıxış etmişdir. Universiteti bitirdikdən sonra o, təyinatla “Azərbaycan məktəbi” jurnalına göndərilir. Lakin həyatında baş verən müəyyən problemlər onu öz sevimli peşəsindən ayrılmağa məcbur edir. Bir müddət keçdikdən sonra Goranboy rayonunun Qızılhacılı kəndini özünə yurd seçir. Ömrünün sonuna qədər də həyatını bu torpaqla, bu torpağın insanları ilə bağlayır. Az keçmir ki, o, Rayon Aqrar-Sənaye Birliyində hüquq məsləhətçisi kimi işə qəbul olunur. Həvəslə çalışırdı. İşindən razı idi. Ancaq onun bu sakit həyatı uzun sürmədi, yaşıdları kimi, o da silaha sarılmalı oldu. 1991-ci ildə birinci Goranboy özünümüdafiə batalyonunun yaradılmasında xüsusi fəallıq göstərdi. Sonralar isə, Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda, batalyon komandirinin müavini təyin edildi. Universitetdə təhsil aldığı illərdə hərbi texnikanın sirlərinə müəyyən qədər bələd olan baş leytenant Kazımağa Kərimov qələmi silahla əvəz etdi. Beləcə Kazımağanın döyüş yolu başladı. Erkəc, Qaraçinar, Meşəli və bir sıra başqa kəndlərdə keçirilən əməliyyatlarda rəşadətlə vuruşdu. Axırıncı döyüşü Meşəli ərazisində oldu. Əməliyyat bir saata başa çatmalı idi. Komandir müavini əsgərlərə son döyüş tapşırığı verdi. Onlar bu ərazini erməni işğalından azad etməli idilər. Elə bu vaxt sıx meşəlikdən ermənilər görünməyə başladı. Əsgərlər cəld silaha sarıldılar. Şiddətli döyüş başladı. Bir az sonra erməni quldurları tərksilah olunur. O, bu döyüşdə ayağından ağır yaralandı. Yoldaşları vaxt itirmədən, onu vertolyotla Bakıya yola salırlar. Lakin çoxlu qan itirdiyindən 15 iyun 1992-ci ildə Bakıda hospitalda dünyasını dəyişirək ən uca zirvə şəhidlik zirvəsinə ucalır.
Evli idi. Bir oğul övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Məmmədov Aqil Səməd oğlu

Aqil Məmmədov dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı.

Aqil Səməd oğlu Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə indi onun adını daşıyan Qubadlı rayonu 2 saylı natamam orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar.
O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı.
1992-ci il 7 avqust... Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.
Evli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aqil Səməd oğlu Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.


ONLAR  VƏTƏN YOLUNDA CANLARINDAN KEÇDİLƏR.


Əliyev Vasili Əhməd oğlu

Vasil mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.

Vasili Əhməd oğlu Əliyev 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. 1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Ordudan tərxis olunduqdan sonra onu mühafızə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu “Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.
O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı. V.Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
1992-ci il 19 oktyabr... Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra “Azərbaycanm Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.


Allah rəhmət eləsin.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”