Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Yeganə Telmanqızı yazır- Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gənclərimizə örnəkdir.

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistan tərəfindən işğalının nəticələri 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. Rayonun 6 Milli Qəhrəmanı vardır. Onların döyüş yolu və həyat fəaliyyəti ilə sizləri tanış edirik:

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Qorxmaz Eyvazov

Xalqımızın müsətqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır.

Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə burada birinci sinifə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək, Laçın rayonundakı 127 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirmişdir. O, xidmət müddətində Fəxri fərmanlarla yanaşı, birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə də təltif edilmişdir.
Qorxmaz 1987-ci ildə əsgəri xidmətini başa vurub doğma yurda dönür və 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur.
1992-ci ilin mart ayında Qorxmaz Laçın Rayon Polis Şöbəsində işə qəbul edilir. Sıravi polis işçisi Eyvazovun döyüş yolu öz doğma yurdundan Qazdərəsi, Suarası, Mazutlu kəndlərinə kimi uzanır. Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.
4 avqust 1992-ci ildə Erməni quldurları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçirlər. Cəsur döyüşçü bu vuruşda qolundan güllə yarası alır. O, sağalan kimi, qısa müddətdən sonra yenidən döyüşə atılır, Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər.
10 fevral 1994-cü il... Qorxmazın son döyüşü. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində o düşmənin xeyli canlı qüvvəsini məhv edir və bu döyüşdə 27 yaşında şəhidlik zirvəsinə ucalır.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Laçın rayonunun Güləbird kənd xəstəxanası qəhrəmanın adını daşıyır.


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


İsrafil Şahverdiyev

Cəsur bir polis işçisi İsrafil Şahverdiyev ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxır.

Şahverdiyev İsrafil Şahverdi oğlu 11 iyun 1952-ci il iyunun 11-də Laçın rayonunda anadan olub. Unannova orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmət keçdikdən sonra Laçına qayıdır. O, 1975-ci ildə Laçın rayon Daxili İşlər Şövbəsində polis kimi əmək fəaliyyətinə başlayır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçısını ələ keçirir.
1991-ci ildə Qaladairəsi kəndinin azad edilməsi üçün plan hazırlanır. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itki verərək geri çəkildilər. Şahverdiyev İsrafil Şahverdi oğlu 1992-ci il sentyabrın 19-dan noyabrın 17-nə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edir və onlarla erməni silahlısını məhv edir.
1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün Şahverdiyev İsrafil Şahverdi oğlu öz bölüyu ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir.
1994-cü il 13 yanvar... Cəsur komandirin son döyüşü oldu. Bir neçə istiqamətdən hücuma keçən bölükdən ölən və yaralananlar var idi. Döyüşçü yoldaşlarını xilas edən Şahverdi qarşı tərəfdən atılan güllə həyatına son qoyaraq 42 yaşında ən uca zirvə şəhidlik zirvəsinə ucalır.
Ailəlidir, üç övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Laçın rayonundakı məktəblərdən biri qəhrəmanımızın adını daşıyır.


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Kamil Nəsibov

Şəhidlər qanlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır...

Nəsibov Kamil Balədə oğlu 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini Laçın rayonunun Minkənd kəndində bitirir və elə həmin ordu sıralarına hərbi xidmətə göndərilir. O, üç ildən sonra ordudan tərxis olunub Vətənə qayıdır. 1973-cü ildə o, Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub.
Ali təhsilini başa vurduqdan sonra Nəsibov Kamil Balədə oğlu Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilir.
Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan, tez-tez hücuma məruz qalırdı. Belə bir vaxtda, rayonu müdafiə etmək lazım gəlirdi. Nəsibov Kamil Balədə oğlu 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradaraq, dəstəyə rəhbərliyi öz üzərinə götürür. Yeni yaradılmış dəstə ermənilərin Gorus rayonunda yerləşən qərərgahlarını yoxlamaq məqsədilə dəfələrlə kəşfiyyata çıxır, əhəmiyyətli məlumatlar əldə edirdi. Cəsur döyüşçünün Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdərə kəndlərinin düşməndən müdafiə edilməsində böyük xidmətləri olub. Laçın rayonu köçürüləndən sonra 811 saylı Laçın alayında taqım komandiri vəzifəsini yerinə yetirən Kamil rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində də igidlik göstərib.
1992-ci il 29 iyun... Kamilin son döyüşü... “Qonaqgörməz” yüksəkliyi uğrunda gedən döyüşlərdə Yüksəkliyi əldən verməmək üçün Kamil öz tağımı ilə hücuma keçir. Vuruşun qızğın çağında düşmənin snayperi cəsur komandiri yaralayır. Döyüşçü yoldaşları onu döyüş meydanından çıxartmağa çalışsalar da o, buna etiraz etdi. Elə döyüş meydanında da qəhrəman döyüşçü 46 yaşında çoxlu qan itirərək əbədi şəhidlik zirvəsinə ucalır.
Ailəlidir. Dörd övladı var.
Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağcabədi rayonunda dəfn edilib.
Doğulduğu kənddəki Mədəniyyət evi onu adını daşıyır.


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Oqtay Güləliyev

Yoldaşları ilə mühasirəyə düşən Oqtay onların bir hissəsini təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Güləliyev Oqtay Güləli oğlu 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olur. 1989-cu ildə institutun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayon Daxili İşlər Şöbəsində pasport bölməsinə baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunur. Bu zaman erməni quldurlarının torpaqlarımıza silahlı basqınları intensiv xarakter almışdı. Əhalinin təhlükəsizliyinin təmin edilməsində o, böyük fədakarlıq göstərirdi. Uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. O, Pircahan kəndi yaxınlığında ağır yaralanır. Bir müddət hərbi hospitalda müalicə olunur və yenidən cəbhəyə, öz rotasına qayıdır.
1992-ci il sentyabrın 19-u...30 yaşlı Oqtay Güləliyev Laçın dəhlizini götürmək üçün əməliyyat planı hazırlayır. Onlar əvvəlcə Hocaz kəndini, sonra isə Nərgiz yüksəkliyini ələ keçirməli idilər. Düşmənin qüvvəsi üstünlük təşkil edirdi. Rota üzərinə düşən vəzifəni, çətinliklə də olsa, yerinə yetirdi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu, Gorus-Şuşa yoluna açılmış dəhlizə tam nəzarət demək idi.
Oqtayın rotası düşməni çaşbaş salaraq Sus kəndinə enir, oradan isə Qızılca kəndinə qalxır. Bu zaman onlar arxadan atəşə tutulurlar. Başa düşürlər ki, qanları bahasına aldıqları ərazini düşmən yenidən ələ keçirib. Rota çətin vəziyyətə düşür. Mühasirəni yararaq Avazdar yüksəkliyinə qalxıb, oradan da Hocaz kəndinə dönürlər. Elə bu vaxt yenidən mühasirəyə düşürlər. Oqtay yəziyyətin ağır olduğunu başa düşür. Yoldaşlarının bir hissəsini təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Ələsgər Novruzov

Xocalı soyqırımı zamanı hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevrilir.

Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunda anadan olub. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini bitirib. 1968-70-ci illərdə Ermənistan Resbublikasının Leninakan şəhərində hərbi xidmətdə olub. 1979-cu ildən Xocalıya köçüb və burada müəllim olaraq işə düzəlib, fəaliyyətə başlayıb. 1980-ci illərdə Ermənilərin azğınlaşdığını görən Ələsgər Novruzov 30-40 nəfərdən ibarət dəstə düzəldərək dinc sakinləri erməni vəhşiliklərindən qoruyurdu.
1992-ci il 25 fevral...Xocalı soyqırımı zamanı hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevrilir. Onlarla sakini xilas edən Vətənin cəsur övladı Ələsgər Novruzov xeyli erməni yaraqlısını da məhv edir, dayanmadan vuruşur, rəşadət göstərir. Həmin gecə Ələsgər ağır yaralanır, ermənilər onu bu vəziyyətdə əsir götürdülər. Xankəndinə aparılan 43 yaşlı döyüşçünü ağıla sığmaz vəhşiliklərlə qətilə yetirirlər. O, əbədiyyətə qovuşdu Vətən uğrunda şəhid oldu. Ələsgər həmişə bizim yaddaşımızda daima qalacaq, yaşayacaq.
Ailəlidir. Üç övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”adı verilib. Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülüb. Laçın rayonunda, doğma kəndi Kürdhacılıda dəfn edilib.


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur


Fazil Mehdiyev

Fazilin sorağı hər zaman ən ağır, ən çətin döyüşlərdən gəldi.

Mehdiyev Fazil Umud oğlu 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. O, körpə olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıtmışdır. Bir müddət burada qaldıqdan sonra işləmək üçün Rusiyaya gedir. Orada çox qalmır. Vətən onu çəkir. Qayıdandan sonra sürücülük peşəsinə yiyələnir.
O, Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.
Fazil bu hadisələr başlayan gündən əlinə silah götürdü. O,1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazıldı. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilməyə başladı.
1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak etdi. Qaradağlı kəndində ayağından ağır yaralandı. Lakin bunu ailəsinə bildirmədi. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıtdı.
F.Mehdiyev 1991-ci ilin avqustunda ermənilərin “Niva” markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil vermişdir.
1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə... Ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Köməyə ehtiyac vardı. O, bu xəbəri eşitcək, dostu Salehlə maşına minib köməyə tələsdi. Ermənilər Ağdamdan gələn yolda pusqu qurmuşdular. Fazil yoldan keçərkən Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qaldı. O, bu döyüşdə faciəli surətdə 25 yaşındakən ən uca zirvə şəhidlik zirvəsinə ucalır.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilmişdir.
Bakının Nəsimi rayonunda büstü qoyulmuşdur. Səbail rayonunda isə onun adına küçə var.

Şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!


Allah rəhmət eləsin.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur