Biz öz mövqeyimizdə dayanmışıq

Güloğlan Cabbarov - Dost və qardaş Türkiyə ilə Azərbaycan həmişə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana dəstək olaraq bildirib: “Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik.”
Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır…”.Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.
İşğalçı Ermənistan hökumətinin Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti uzun illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız zərər görüb.
Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirlər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edir, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdirirlər. Abidələrin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Eyni zamanda ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirirlər.
Tovuz hadisələrindən sonra avqustun 29-da Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada yaratdığı erməni hərbi birləşmələri ilə görüşü, o cümlədən Paşinyanın arvadı Anna Akopyanın 25-31 avqust tarixlərində özü kimi qadınları da yığaraq Azərbaycanın işğal altındakı Xocalı şəhəri yaxınlığında hərbi təlimlər təşkil etməsi açıq aydın Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur və sülh danışıqlarından imtina etməsi anlamına gəlir. Baş verən bu hadisələrin ardıcıllığı onu göstərir ki, danışıqlar prosesini pozmaq və status kvonu dəyişməz saxlamaq üçün bütün təxribatlara əl atır, bütün beynəlxalq qanunları kobud şəkildə pozur”. Ermənistan cənab Prezident İlham Əliyevin bu mesajından nəticə çıxarmalıdır. Bu gün bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir, öz torpaqlarını erməni terrorçularından təmizləmək Azərbaycanın haqq işidir və beynəlxalq qanunlara tam uyğundur. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan ordusunun gücünü və döyüş əzmini, xalqımızın vətənpərvərlik ruhunu, Ermənistanın isə zəifliyini və acizliyini ortaya qoydu. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq.
Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər isə unutmamlıdırlar ki, onlar bu ərazilərdə daimi yaşaya bilməyəcəklər. Azərbaycan mütləq öz ərazi bütövlüyün bərpa edəcək və işğal edilmiş ərazilərimizi bütün erməni terrorçularından təmizləyəcək”.


Güloğlan Cabbarov
Hüquqşünas, Dünya çempionu

Biz öz mövqeyimizdə dayanmışıq
Biz öz mövqeyimizdə dayanmışıq