Jurnalistlər üçün xüsusi gödəkçələr hazırlanıb

Azərbaycan Mətbuat Şurasında jurnalistlərə veriləcək xüsusi gödəkçələrlə bağlı məsələ müzakirə olunub.

İctimaixeber.com xəbər verir ki, AMŞ sədri Ə.Amaşov mediadan sui-istifadə hallarının qarşısının alınması ilə bağlı məsələnin hər zaman gündəmdə olduğunu deyib. Bu baxımdan o, diqqəti jurnalistlər üçün üzərində “PRESS” yazılmış gödəkçələrin verilməsi məsələsinə yönəldib:

“Bu gödəkçələr hazırdır. Onlar nömrələniblər. Məsələyə dair Daxili İşlər Nazirliyi ilə müzakirə aparmışıq. Kütləvi aksiyalarda çoxlu sayda jurnalistin nizamsız şəkildə hərəkət etdiyini, bəzən polis orqanlarının əməkdaşları ilə konfliktə getdiklərini görürük. Jurnalistin işi aksiyanı işıqlandırmaqdır. Şüarlar səsləndirmək, maneçilik törətmək deyil. Baxırsan ki, xüsusi gödəkçədə olan biri ilə polis arasında insident yaranır. İnsidentin kökü isə heç də bilərəkdən jurnalist fəaliyyətinə maneçiliklə əlaqədar olmur. Ancaq hər kəsin əynində “PRESS” gödəkçə var. Belə hallar yolverilməzdir və tənzimlənməlidir. Nömrələnmiş xüsusi gödəkçələrdən istifadə də buna görədir. Təbii ki, onların paylanmasına ciddi yanaşılmalı, qaydalar tətbiq edilməlidir”.