Doğulduğu gün torpağa tapşılıdı

Bu gün yaşadığım Sumqayıt şəhərində Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Qarabağ döyüşlərində şücayət göstərərək şəhidlik zirvəsinə ucalan Sübhan Cəbrayılovun ailəsini ziyarət etdim.

Şəhidimizi tanıyaq:

Sübhan Rahim oğlu Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində sadə və zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açmışdır. İlk təhsilini 1989-2001-ci illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində alır. 2001-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsindən həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Bakı şəhəri N saylı hərbi hissədə başlayır. 2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrində gizir kursunu oxuyur və 2002-ci ilin aprel ayında N saylı hərbi hissədə gizir rütbəsində iş fəaliyyətinə başlayır. 2008-ci ildə baş gizir rütbəsi alır.
Baş gizir Cəbrayılov əks hucum başlayan ilk günündən Dağlıq Qarabağa ezam olunur. Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunmasında Cəbi ləqəbli Sübhan Cəbrayılovun müstəsna xidmətləri var. 30 illik səddi dağıdan döyüşçülərdən oldu Sübhan və neçə-neçə yaralı əsgərin həyatını xilas etdi.
2020-ci il 19 oktyabr... Qubadlı rayonu uğrunda gedən şiddətli və ağır döyüşlərdə qəhrəmanlıq göstərdi. Düşmən gülləsinə tuş gələrək snayperlə boğaz nahiyyəsindən yaralanaraq ən uca zirvə şəhidlik zirvəsinə ucaldı. 2 gün neytral zonada qaldıqdan sonra dövlətimiz tərəfindən Sübhanın nəşi geri alındı. Böyük hörmət və ehtiramla doğulduğu gün 23 oktyabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı və nəşi sevdiyi Vətən torpağına qarışdı. Şəhidin dəfn mərasiminə Müdafiə Nazirliyinin əməkdaşları, 10000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatıldı.
Sübhan Cəbiyev şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə layiq görülüb:
2008-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” yubley medalı.
2012- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.
2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2020) yubley medalı.
2018- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.
2006-cı ildə sevib seçdiyi Sevda xanımla ailə qurur. 12 yaşında Rahim, 10 yaşında Fidan adlı övladları yadigar qaldı.

Sübhanın ömür-gün yoldaşı Sevda xanım Sübhanla bağlı xatirələrindən danışdı:

- Sübhan mədəni, ailəcanlı ömür gün yoldaşı, qayğıkeş ata, istəkli övlad və vətəninə, torpağına, dövlətinə bağlı hərbiçi idi. Torpaqlarımızın işğaldan azad edilməsində onunda böyük xidmətləri var. 18 ilin hərbiçisi və bu 18 ildədə hər gün torpaqlarımızın işğaldan azad olunması günün gözləyirdi. Sübhan indi özünün arzuladığı şəhidlik zirvəsindədir. “Şəhidlik ən yüksək zirvədir! Məndə o zirvəyə çatacam “ deyirdi. Fəxr edirəm ki, Sübhanın həyat yoldaşıyam. Bu həyata necə dəfə gəlsəm, yenə ömür-gün yoldaşımı Sübhanı seçərdim.

Müəllifdən: Bu gün Sevda xanım Sübhan kimi mərd bir ailə başçısını itirib. Əziz bacım başını dik tut. Ləzifə ana Sübhan kimi bir oğul itirib. Bir ana kimi səni gözəl başa düşürəm, böyüdüb tərbiyyə etdiyin övladla hər zaman qürur duy əziz ana. Sübhan sənin qürur yerindi. Xüsusi Təyinatlı Qüvvələri baş gizir Cəbi ləqəbli Sübhan Cəbiyev kimi əsgərini itirdi. Sübhan Cəbiyev Vətən uğrunda şərəfli bir adla qələbə tarixini yazdı! Döyüş meydanında əldə etdiyimiz qələbələr şəhidlərin şəhidlik zirvəsinə ucalması ilə başa gəldi. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Nur icində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”


Doğulduğu gün torpağa tapşılıdı
Doğulduğu gün torpağa tapşılıdı
Doğulduğu gün torpağa tapşılıdı