Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yaradılması Ermənistanda ciddi narahatlıq doğurub

Çünki Prezident İlham Əliyev ölkəmizin Qarabağdakı hərbi Zəfərini iqtisadi zəfərlə davam etdirir

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı 44 günlük Zəfər savaşımızdan sonra xüsusi strateji əhəmiyyətə malikdir və Ermənistana növbəti sərt ismarışdır.

Fərmanda iqtisadi rayonların bölgüsü yenilənməklə 14 iqtisadi rayon formalaşdırılıb. Xüsusilə bu sənəddə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən bir çox strateji qərarlar verilib. Məhz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması mühüm tarixi hadisədir. Geriyə qaytarılmış torpaqlarda həm yeni strateji yol xəritələrinin yaradılması, həm də bu ərazilərdəki resursların ölkə iqtisadiyyatına müsbət təsiri üçün yeni iqtisadi rayonların əvəzsiz rolu olacaqdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları məcburi köçkünlərin öz torpaqlarına qayıtması, onlar üçün yeni iş yerlərinin yaradılması, ərazidə yeni konsepsiyaların icrası – «ağıllı kənd», «ağıllı şəhər» yaradılması istiqamətində mühüm önəmə malikdir.

Fərmanda yeni yaradılmış Qarabağ iqtisadi rayonuna Xankəndi, Xocalı, Xocavənd və Şuşanın daxil edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bu rayonlar ölkə iqtisadiyyatına istər aqrar, istərsə də turizm cəhətdən öz müsbət töfhələrini verəcəklər. Bir digər iqtisadi rayon-Şərqi Zəngəzur rayonunun yaradılması da olduqca önəmli tarixi hadisədir. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi və Şərqi Zəngəzur tarixi adının bərpa edilməsi daha bir uzaqgörən addımdır.

Şərqi Zəngəzur iqtisadi rayonunda olan 5 rayonun hər biri uzun illər erməni təcavüzkarlarının işğalında idi. Qeyd edilən rayonlar iqtisadi resursları ilə də zəngin olan rayonlardır. Bu rayonların da iqtisadi potensialından istifadə etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması strateji qərardır. Bu iqtisadi rayon ilə bağlı qeyd ediləcək bir digər mühüm məsələ də 10 noyabr Bəyanatında yer alan Zəngəzur dəhlizinin açılması prosesidir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu iqtisadi rayonun nəinki Azərbaycan iqtisadiyyatı, eləcə də region üzrə əhəmiyyəti daha da çox olacaq. Bəli, bu bir reallıqdır ki, bu ərazilər Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən canlanacaq və ölkənin iqtisadi inkişafında əhəmiyyətli rola malik olacaqlar.

İqtisadi rayonların yeni bölgüsü iqtisadi amillərlə yanaşı, siyasi əhəmiyyət də daşıyır. Belə ki, hələ də Ermənistan və onun xaricdəki havadarları «Dağlıq Qarabağın statusu»ndan danışır və bu məsələni gündəlikdə saxlamağa çalışırlar. Prezidentin imzaladığı Fərman bu düşüncədə olanlara «Azərbaycanın ərazisi bütövdür və onun etnik bölgüsü yoxdu» cavabıdır. Elə bu üzdən də Fərman imzalanan kimi Ermənistandakı siyasi qüvvələr təlaş keçirməyə başlayıblar. Açıq şəkildə deyirlər ki, həmin sənədin imzalanması «status» məsələsinin müzakirəsinə son qoyur.
Ermənistanda siyasi çaxnaşmaya səbəb olan ən başlıca məsələ Fərmandakı «Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir» sözləridir. Həmin bənddən aydın bəlli olur ki, tarixi Zəngəzur mahalı Azərbaycana məxsus olub və həmin tarixi ədalətsizliyin bərpası zəruridir. Çünki ölkəmiz üçün bu həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyan bir məsələdir.
Hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir. Bunun üçün isə işğaldan azad edilmiş ərazilərin potensialından istifadə olunmalıdır. Biz bu torpaqlardan məqsədəuyğun şəkildə istifadə etməklə məcburi köçkünləri doğma yurdlarına qaytarıb qarşı tərəfi və onun havadarlarını həm də siyasi fakt qarşısında qoymalıyıq. İqtisadi rayonların yeni bölgüsü haqqında imzalanan Fərman məhz bu məqsədlərə çatmaq üçün yaşıl işıq yandırır.

Şərqi Zəngəzur da kifayət qədər böyük potensiala malik rayondur. İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması həyata keçirilir. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək. Xüsusilə Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu da Şərqi Zəngəzur iqtisadi rayonunun həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir.

Fərman Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək.