Ermənistan Əliyevin bu GEDİŞİNİ gözləmirdi: Hədəfdə Zəngəzur, İrəvan, Göyçə var

Ermənistan Əliyevin bu GEDİŞİNİ gözləmirdi: Hədəfdə Zəngəzur, İrəvan, Göyçə var


"Prezident İlham Əliyevin Azərbaycan iqtisadi rayonlarını yaratmaq ilə bağlı verdiyi fərmana əsasən Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Bu həm də Qərbi Zəngəzurun olduğuna rəsmi Bakının qəti şəkildə işarəsi idi. Məhz bu fərmandan sonra, Prezident İlham Əliyevin açıqlama verməsilə dövlət başçısı təsdiqlədi ki, Azərbaycanın strateji hədəfi Qərbi Zəngəzura qayıtmaqdır".

ictimaixeber.com Metbuat.az-a istinaden bildirir ki, siyasi şərhçi Asif Nərimanlinin sözlərinə görə, Prezident İlham Əliyev vurğuladı ki, Qərbi Zəngəzurun Ermənistan tərəfindən işğalı heç də uzaq tarix deyil – cəmi 101 il öncəyə söykənir. Bununla da rəsmi Bakı Qərbi Zəngəzura İrəvana, Göyçəyə qayıtmaq ilə bağlı mövqeyini açıq şəkildə bəyan etdi. Siyasi şərhçi deyir ki, eyni zamanda prezident İlham Əliyevin tarixi torpaqlara yəni Zəngəzur, İrəvan, Göyçəyə qaçqınların qayıtması ilə bağlı danışarkən 10 noyabr Bəyannaməsinə istinad etməsi olduqca diqqət çəkən məqam idi.
"Bilirik ki,10 noyabr Bəyannaməsində BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının nəzarəti ilə bağlı, yurd-yuvasından itkin düşən qaçqınların yenidən öz ata-baba yurdlarına qayıtması ilə bağlı maddə var. Amma həmin maddədə konkret olaraq hansı torpaqlara onların qayıtmalı olduğu göstərilməyib. Mümkündür ki, hansısa qapalı bir danışıqlarda bu məsələ də gündəmə gətirilib. Biz bilirik ki, müharibədən sonra prezident İlham Əliyev həmin torpaqlara qayıtmaq məsələsini də, hədəf kimi nəzarətə götürüb və söhbət heç də tank üzərində torpaqlara qayıtmaqdan da getmir".

Asif Nərimanlı deyir ki, azərbaycanlılar öz doğma yurdlarına əvvəllər olduğu kimi qayıdaraq ermənilər ilə birlikdə yaşaya bilərlər. Həmçinin ermənilər də burada bizim ilə birlikdə yaşaya bilər. Ermənilər Xankəndində, Xocalıda, Xocavənddə yaşaya bilirlərsə niyə də azərbaycanlılar ata-baba yurdlarında yaşamasınlar? Məhz Prezidentin strateji hədəfi də budur.

"Söhbət həmin torpaqların Ermənistanın sərhədindən çıxarılıb, Azərbaycan sərhədlərinə verilməsi demək deyil. Əgər Ermənistan faktiki olaraq Türkiyə və Azərbaycanın təsir dairəsinə düşərsə, azərbaycanlılar İrəvanda, Göyçədə gedib yaşaya bilərlər. Azərbaycan beynəlxalq aləmdə də bu məsələni qaldıraraq öz vətəndaşlarının o torpaqlarda yaşamasını təmin edə bilər. Burada strateji bir gediş də odur ki, Azərbaycan istəyir ki, Ermənistanda ermənilərin Qarabağa olan diqqətini Zəngəzura doğru çəkərək, qədim torpaqlarımızda vətəndaşlarımızın ermənilər ilə birlikdə yaşamasına imkan yaradılsın".