"Qarabağ"ın baş məşqçisi ilə hakimlər arasında mübahisə yaranıb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hakimlərə kəskin etiraz edib.

Ictimaixeber.com "Report"a istinaden bildirir ki, epizodların birində 49 yaşlı mütəxəssislə 4-cü referi Səbuhi Bayramovun arasında mübahisə yaşanıb.

Baş məşqçi rəqib oyunçu Nicat Qurbanovun Elvin Cəfərquliyevin formasından tutub çəkdiyini söyləyib.

Qurbanov əsəbiləşərək "Korsunuz, siz" deyib". O, Bayramovla söhbət etdikdən sonra, baş hakim Rəvan Həmzəzadəyə "Çox sağ ol, Rəvan. Çox sağ ol", - deyə səslənib.

Baş məşqçi oyundan sonra mətbuat konfransında həmin anı xatırlayıb: "Rəvan yox, Səbuhiyə yaxınlaşdım. Çünki rəqib Elvini iki əli ilə tutub saxladı. Həmin epizodun sonunda "Keşlə" küncdən zərbə qazandı, az qaldı ikinci qolu buraxaq. Səbuhi deyir ki, mən bildirdim, amma baş hakim eşitmədi. Bəzən belə şeylər nəticəyə təsir edir. Nəyisə görməmək və səhv etmək olar. Amma bu gözünün qabağında idi və xəbərdarlıq etməliydi. Sonacan sözün üstündə durmaq lazım idi ki, mütləq cərimə zərbəsi vardı".