Bakı metrosunda 2 yeni qatar xəttə buraxılıb

Bakı metrosunda 2 yeni qatar xəttə buraxılıbİyulun 2-də Bakı metrosunda iki yeni qatar xəttə buraxılıb.

AZƏRTAC xəbər verir ki, "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi texnoloji innovasiyalar baxımından ən müasir – IV nəslə mənsub 81-765.B/766.B modelli vaqonların maksimal sürəti saatda 90 kilomet, mühərriklərinin gücü 170 kilovatdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur.

Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsini göstərmək olar. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə daxil olub-çıxması imkanlarını genişləndirir. İşıqlı xəbərdarlıq qapının açılması və bağlanması ilə bağlı sərnişinin daha diqqətli olmasına kömək edir.

Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun konstruksiya tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.

Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur. Onlar səssiz-küysüzdür və istilik izolyasiyası ilə diqqət çəkir. Həmçinin xüsusi konstruksiyalı səsboğucular qoyulmuş təkərlər qatarların daha səssiz və rəvan hərəkətini təmin edir. İzolyasiyanın etibarlılığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsinə səbəb olur, tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir. Vaqonların istehsalı zamanı "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri xüsusi nəzərə alınıb və əsas yeniliklərdən biri kondisionerlərin Bakının iqlim şəraitinə uyğunlaşdırılması və soyutma sisteminin daha yüksək keyfiyyət standartlarına cavab verməsidir.

Vaqonlarda sərnişinlərin elektron qurğularının doldurulması üçün USB yuvacıqlar da var. Baş vaqonlar əlil arabaları üçün yerlərlə təmin edilib.

Bakı Metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq əvvəlki sifarişlərdə olduğu kimi, qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin edilib. Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlər vaqonların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu sistem maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

Sahəsi 15 faiz genişləndirilərək daha rahat olmuş maşinist kabinəsi sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.

Vaqonlarda işıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, onların istismar müddətini isə 75 faiz artırır. Vaqonların istismar müddəti 30 ildir.

Qeyd edək ki, "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakıya daha 20 vaqon gətiriləcək.