Azərbaycanda ilk dəfə “Əks Kreaton” keçirilib

Azərbaycanda ilk dəfə “Əks Kreaton” keçirilibİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycanda ilk dəfə “Əks kreaton” ("Reverse Creathon") keçirilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, tədbiri “Enterpriseazerbaijan.com” portalı Britaniya Şurası və Nyukasl Universiteti ilə birgə həyata keçirdiyi "Creative Spark" layihəsi çərçivəsində təşkil edib.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın belə bir ilkə imza atmasının təqdirəlayiq olduğunu deyib: “İlk dəfə olaraq tələbələrimiz biznes nümayəndələrinə öz təkliflərini kreaton çərçivəsində təqdim edəcəklər. Gənc nəslin texnoloji imkanları və gözləntiləri biznes həllərin təkmilləşdirilməsi üçün faydalıdır. Adətən biznes nümayəndələri gənclərə tövsiyə edirdi, indi əksinə olacaq - gənclərimiz öz ideyaları ilə biznes modelin təkmilləşdirilməsində iştirak edəcəklər. “Enterpriseazerbaijan.com” portalı gənclərin biznes ideyalarının gerçəkləşməsində beynəlxalq partnyorları ilə birgə yaxından iştirak edir”.

Kreatonda Birminqam Universitetinin professoru Simon Doun, Nyukasl Universitetinin doktorları Paul Riçter və Fiona Utihörst, eləcə də yerli gənc biznes nümayəndələri və tələbələr iştirak edib.

F.Utihörst bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Əks kreaton”un təşkilinə şərait yaratmaqla beynəlxalq təcrübənin bölüşdürülməsi üçün əlverişli imkan yaradır.

İki gün davam edəcək intensiv seminarın əsas məqsədi gənc tələbələrin və biznes sahiblərinin bir araya gələrək cari biznesin çətinlikləri, mümkün inkişaf istiqamətləri və strategiyaları mövzusunda innovativ müzakirələr aparmaqdır. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.