Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə olub

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə olubAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təhsil və elmi tədqiqat qurumlarının nümayəndə heyəti Fransanın Lyon şəhərində və Rodez kommunasında işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Overny-Ron-Alp regionunda heyvandarlıq üzrə ixtisaslaşmış “Auriva” kooperativinin rəhbəri Brüno Punt və Lyon Baytarlıq məktəbinin rəhbərliyi ilə görüşüblər.

Görüşlərdə ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafının prioritet sahələrdən olduğu diqqətə çatdırılaraq heyvandarlığın inkişafına dövlət dəstəyindən, bu sahədə qarşıya qoyulan vəzifələrdən söz açılıb.

“Auriva” kooperativində süni mayalanma yolu ilə yetişdirilən 14 cinsdən olan damazlıq buğalar, eləcə də süd və ət məhsuldarlığına görə yetişdirilən cins heyvanların müxtəlif iqlim dözümlülüyünə dair məlumat verilib. Ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları və süni mayalanma mərkəzindən danışılıb. Yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Dünyada ilk baytarlıq tədris ocağı olan Lyon Baytarlıq məktəbinin təqdimatından sonra nümayəndə heyəti məktəbin laboratoriya və klinikasında olub. Həmçinin cərrahiyyə, təcili yardım, reanimasiya zallarında göstərilən xidmət və gələcək baytarların hazırlanması prosesi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Rodez kommunasında kənd təsərrüfatı palatasının nümayəndələri ilə görüşüb və heyvandarlıq sahəsində olublar. Eləcə də heyvanların saxlanma, bəslənmə və yetişdirilmə prosesi ilə yaxından tanış olublar.

Görüşlərdə birgə tədqiqat aparılmasının əhəmiyyətinə toxunulub, bu istiqamətdə bilik və bacarıq, eləcə də təcrübənin qarşılıqlı mübadiləsinin vacibliyi qeyd edilib. Tərəflər müvafiq sahələrdə uzunmüddətli əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ölkəmizin Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə ikinci katibi Suliddin Məmmədov da görüşlərdə iştirak edib.