AZAL Bakıda IATA ilə birgə beynəlxalq “Aviation Day” tədbirini keçirib

AZAL Bakıda IATA ilə birgə beynəlxalq “Aviation Day” tədbirini keçirib“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində nüfuzlu forum keçirib.

AZƏRTAC xəbər verir ki, “Aviation Day Azerbaijan” tədbirində AZAL və IATA-nın rəhbər heyəti ilə yanaşı, aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

AZAL-ın prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə çıxış ediblər.

“AZAL artıq 26 ildir ki, IATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Prezident İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edən Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır”, - deyə C.Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”a maksimum dəstək göstərir və mülki aviasiya sahəsində bu mühüm tədbirin birgə keçirilməsinə görə AZAL-a öz minnətdarlığını bildirir. Azərbaycanda aviadaşımalar bazarı daim inkişaf etməkdədir. Ötən il ərzində sərnişin axını 4,7 milyon nəfər təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 11 faiz çoxdur. Dünyanın 29 müxtəlif ölkəsinə birbaşa reyslər həyata keçirilir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərməklə yanaşı, səyahət etmək istəyənlər üçün də böyük üstünlükdür”, - deyə IATA-nın vitse-prezidenti R.Şvartsman vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın daha güclü, etibarlı və təhlükəsiz hava nəqliyyatı şəbəkəsinin qurulmasına dair öhdəliyi Montreal Protokoluna 2014 (MP14), IATA İstismar Təhlükəsizliyinin Auditinə (IOSA), IATA Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditinə (ISAGO), Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramına (GADM) dəstəyində özünü göstərir.

Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakelinin, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşinin və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmidin təqdimatlarla çıxışı olub.

Tədbir çərçivəsində C.Əsgərov və R.Şvartsman uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində 2 razılaşma imzalayıblar. Sənədlər IATA İstismar Təhlükəsizliyi Auditi, Yerüstü Əməliyyatların Təhlükəsizliyi Auditi və Aviasiya Məlumatlarının İdarəedilməsi Proqramı kimi audit proqramlarının, habelə aeronaviqasiya sahəsində uçuşların təhlükəsizliyinə nəzarət üçün son standartların tətbiqini nəzərdə tutur.

Həmçinin “Aviation Day Azerbaijan” forumunda 2020-ci ildə ən mühüm IATA beynəlxalq təhlükəsizlik konfranslarından birinin – “Safety and Flight Ops Conference”nin Bakıda keçiriləcəyi bəyan edilib.