Nyukasl və Birminqham universitetlərinin nümayəndələri İİTKM-in fəaliyyəti ilə tanış olublar

Nyukasl və Birminqham universitetlərinin nümayəndələri İİTKM-in fəaliyyəti ilə tanış olublarNyukasl Universitetinin doktorları Paul Riçter, Fiona Uaythörst və Birminqham Universitetinin professoru Simon Douna İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) olub, onlara mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

İİTKM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun departament rəhbəri Rəşad Hüseynov, menecerləri Faiq Qasımlı, Nərmin Kazımlı, Ayxan Qədəşov və Oruc Dursunzadə həyata keçirilən layihələr barədə təqdimatlar edib, “Azexport” portalı, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı, “EnterpriseAzerbaijan” portalının rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı rolun vacibliyini xüsusi vurğulayıblar. Bildirilib ki, ölkə başçısının tapşırıqları əsasında reallaşdırılan bu layihələr Azərbaycanın e-ticarət, e-kommersiya və e-ödəniş sisteminin inkişafı üçün yeni zəmin rolunu oynayıb. Həmçinin aparılan islahatlar nəticəsində yaradılan yeni elektron imkanlar nəticəsində ölkədən qeyri-neft ixracı sadələşib, rəqəmsallaşıb və ixracın coğrafiyası genişlənib.

Diqqətə çatdırılıb ki, məhz bu layihələrin uğurlu icrası və rəqəmsal ticarət qovşağının yaradılması ilə Azərbaycan dünyada qeyri-rezidentlərə e-rezidentliyi təqdim edən ikinci, m-rezidentliyi təqdim edən ilk ölkədir. Azərbaycanda 2016-cı ildən bəri Strateji Yol xəritələrinin uğurlu icrası həyata keçirilir. On bir istiqamət üzrə icra olunan Strateji Yol xəritələrinə uyğun olaraq həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bu islahatlar nəticəsində Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2019” hesabatında “Ən islahatçı ölkə kimi” qiymətləndirilib və 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci yerə yüksəlib.

Sonra qonaqlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Mərkəzin meneceri Nicat Hacızadə deyib ki, burada ixracatçı sahibkarlar üçün bütün müvafiq şərait yaradılıb. Sahibkarlar ixrac etdikləri məhsullara baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatları "Bir Pəncərə"dən alırlar. Eyni zamanda, mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədəbiyyatın ixracına razılığı da buradan almaq olar.

Təqdim edilən layihələrin iqtisadi inkişafın müxtəlif sahələrini əhatə etməsi, həmçinin çoxfunksiyalı olması böyük marağa səbəb olub. Qonaqlar bildiriblər ki, İİTKM-in icra etdiyi layihələr ümumilikdə Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyata effektiv inteqrasiyasına gətirib çıxaracaq ki, bu da ölkənin uzunmüddətli perspektivdə davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial rifahın daha da yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, qonaqlar icra edilən bəzi layihələrin daha da təkmilləşdirilməsi istiqamətində görülə biləcək işlərlə bağlı Britaniya təcrübəsini İİTKM-in əməkdaşları ilə bölüşüblər. Onlar ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq komissiyanın yaradılmasını və bu istiqamətdə görülən işləri digər inkişaf etməkdə olan ölkələrə nümunə ola biləcəyini vurğulayıblar.