Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi - VİDEO

Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi - VİDEOAzərbaycanda çox istedadlı futbolçular olub. Yerli futbol deyəndə Anatoli Banişevski, İsgəndər Cavadov, Anatoli Ponomaryov, Maşallah Əhmədov, Zaur Tağızadə, Rəşad Sadıqov, Mahir Şükürov kimi istedadlar yada düşür, onlar haqqında hər zaman xoş ifadələr səsləndirilir.

İndiki nəsil futbolçular arasında da istedadlıları az deyil.

Bunların başında Rusiya futbol məktəbi keçsə də, milliyyətcə azərbaycanlı olan Ramil Şeydayevin dayandığını desək, yanılmarıq.
Ictimaixeber.com-ın əməkdaşı Azərbaycan millisinin futbolçusu Şeydayevin uğur tarixçəsinə nəzər yetirib:

O, 1996-cı ilin martın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib.

Atası milliyyətcə azərbaycanlı, anası rus olan Ramil karyerasına da doğulduğu Sankt-Peterburqun “Zenit” klubunda başlayır. O, Rusiyanın ən tanınmış klublarının başında gələn “Zenit”də futbolun sirlərinə yiyələnir.

Akademiyada hücumçu kimi özünü göstərməyi bacaran Şeydayev 2013-cü ilin may ayında peşəkar karyerasına start verir. Belə ki, həmin ay o, bu klubla üç illik peşəkar müqavilə imzalayır. 26 oktyabr 2014-cü ildə o, komandasının “Mordoviya” ilə keçirdiyi görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas komandanın heyətində debüt edir.
Lakin həmin vaxt “Zenit”in hücum xəttini legionerlər təşkil etdiyindən futbolçumuzun orada əsas heyətdə möhkəmlənməsi mümkün olmur. Şeydayev əsas komanda ilə Rusiya Premyer Liqasında cəmi beş oyun keçirmək imkanı əldə edir.

Daha çox “Zenit”in ikinci komandası ilə Rusiya I divizionunda çıxış edən Ramil 2014/2015 mövsümündə 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu adına yiyələnir.

2016-cı ildə “Zenit”lə müqaviləsinin müddəti başa çatır və azad agent statusunda olan futbolçu həmin yay Türkiyənin “Trabzonspor” klubuna transfer olunur. Onunla dörd illik müqavilə imzalansa da, burada möhkəmlənə bilməyən hücumçu sıra ilə Slovakiyanın “Jilina” və Ağdamın “Qarabağ” klublarına icarəyə verilir. Ramil bu klublarda qol vursa da, əsas heyət üzvünə çevrilə bilmir.