QHT “Bölgələrdə vətənpərvərlik etüdləri” layihəsinə start verib

“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bölgələrdə vətənpərvərlik etüdləri” adlı layihəni həyata keçirir. Respublikamızın müxtəlif bölgələrində mədəniyyət, xüsusilə rəssamlıq sahəsində fəaliyyət göstərən gənclərə dəstək olmaq, multikulturalizmin və tolerantlığın geniş inkişaf etdiyi ölkəmizdə yeniyetmə və gənclər arasında vətənpərvərliyin, milli dəyərlərin təbliğ olunması, bölgələrin tarixi-mədəni abidələrinin tanıdılması layihənin əsas məqsədidir. Layihə çərçivəsində gənc rəssamların müraciətləri əsasında ekspertlər tərəfindən seçim aparılacaq, iştirak üçün seçilmiş 100 nəfər gənc rəssama rəsm çəkmək üçün lazım olan ləvazimatlar veriləcəkdir.
Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlərlə əlaqədar layihə iştirakçıları rəsm əsərlərinin fotoşəklini “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin email (agiib2019@mail.ru) ünvanına göndərməlidirlər. Layihəyə ekspert qismində cəlb olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssamlar Elnurə İsgəndərova və Aygün İsgəndərova tərəfindən rəsm əsərləri qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcək. Yekunda onlayn videokonfrans platformalarından birində gənc rəssamların iştirakı ilə görüş keçiriləcək və qaliblər elan ediləcək. Həmçinin mövcud şərait dəyişərsə, kütləvi tədbirlərə icazə verilərsə sərgi salonlarından birində layihədə iştirak etmiş rəsm əsərlərindən ibarət sərgi keçiriləcəkdir.


Yeganə Telmanqızı
“İctimaixeber.com”


QHT “Bölgələrdə vətənpərvərlik etüdləri”  layihəsinə start verib