Azərbaycanda prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir - FOTO

Azərbaycanda prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir - FOTO

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzindədir.

Ictimaixeber.com Trend-ə istinadən xəbər verir ki, dünyanın aparıcı mətbu orqanları məqalə, reportaj yayımlayaraq və məntəqələrdən canlı yayımlar edərək oxucularını şəffaf və demokratik şəraitdə keçən səsvermə prosesi barədə məlumatlandırır.

"Associated Press" agentliyi seçicilərin fəallıqla səs verdiyi seçki məntəqələrindən birində canlı yayım təqdim edib. Canlı yayımda seçki prosesinin maneəsiz və sərbəst şəkildə davam etdiyi qeyd olunub.

"Tengrinews", "lada.kz", "The Express Tribune", "Daily Times", "DND", "Daily Times", "Oc-media.org" platformalarında yer alan xəbərlərdə növbədənkənar prezident seçkilərinin Azərbaycanda yeni dövrün başlanmasına dəlalət etdiyi, ərazi bütövlüyünün və suverenliyin tam bərpasından sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edən seçkilərdə vətəndaşların fəal iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə tarixində dönüş nöqtəsi olan və yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilən bu dövrdə seçkilərin keçirilməsi bir növ çağırış rolunu oynayır. İşğaldan azad olunmuş ərazilərdə seçkilərin baş tutması isə ölkədə milli birlik istəyinin və həmin ərazilərin ölkənin siyasi-inzibati strukturuna tam inteqrasiyasının bariz təcəssümüdür.

Məqalələrdə bir sıra xarici ölkə və beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyi, ölkənin uğurlarını qəbul edə bilməməsi, siyasi və diplomatik manevrlərlə əsassız ittihamlara əl atmasına da toxunulub. Bununla belə son 20 ildə Azərbaycanın real uğurlarını əks etdirən danılmaz göstəricilərin də göz önündə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, 2003-cü ildən 2022-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulu 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib, yaşayış səviyyəsi, əhalinin gəlir səviyyəsi, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər görülüb.

Yazılarda qeyd edilib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ölkənin siyasi tarixində mühüm mərhələdir. İrəliləmək, daxili və beynəlxalq çağırışları həll etmək, eyni zamanda, son uğurlardan yararlanmaq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolunda vacib məqamlar olacaq.