Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə

Yeganə Telmanqızı yazır- Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir!

Xatırladaq ki, Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Qəhrəman rayonumuz Ağdam uğrunda döyüşlərdə 6000-dən artıq insan şəhid olub. 16 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Onların döyüş yolu və həyat fəaliyyəti ilə sizləri tanış edirik:

Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Allahverdi Teymur oğlu Bağırov

Ömür var ki, taleyin sərt döngəli sərt yollarını cəsarətli yollarını yarıb kecir.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həmdə onun babasının (anası tərəfdən) adıdır.
O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də davakar kimi tanınırdı. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnirdi.Məmmədova hər yerdə fəxrlə deyirdi ki, "mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm". Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını başına yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusəndə futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qizil sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olmuşdur.
1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qoluna uzun Allahverdi Bağırov imza atıb.
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə o 100 erməni məhv olunmuş və 10 düşmən əsir götürülmüşdür.
O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla getirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.
Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı.Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi.Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.
Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi..
1992-ci ilin 14 iyun...Təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhidlik zirvəsinə ucalır. Tankist Sevil Abbasovanın sözlərinə görə “onu ancaq sənədlərindən tanıya bildik."
Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Asif Yusif oğlu Məhərrəmov (Fred Asif)

Asifi həyatda bu müqəddəs amallar yaşadırdı: Haqq, Ədalət, Namus, Qeyrət!

Məhərrəmov Asif Yusif oğlu 26 iyul 1952-ci ildə Ağdam şəhərində doğulmuşdur. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hüquqşünas olmaq istəyirdi. Ailələri böyük olduğu üçün həyat onu erkən yaşlarından işləməyə məcbur etmişdir. Ağdam dəzgahqayırma zavodunda fəhlə kimi fəaliyyətə başlamışdır. Asifi həyatda bu müqəddəs amallar yaşadırdı: Haqq, Ədalət, Namus, Qeyrət! Bəlkə, elə buna görə də həyat yolu o qədər də hamar olmadı. Ona həbsxana həyatı qismət oldu.
1971-ci il oktyabrın 31-də hərbi xidmətə getməli idi. Oktyabrın 30-da qohumları ilə görüşdükdən sonra, axşam dostlarıyla kinoya gedir. Kinoteatrda dava düşür. Haqqa havadarlıq edən Asifin özü haqsızlığın qurbanı olur və həbs edilir. Ona 2 il iş kəsilir. Bunun 9 ayını türmədə yatır. Qalan hissəsini məcburi əməklə əvəz edirlər. O, məcburi əməyi sürücü işləməklə yerinə yetirirdi. Təsadüf nəticəsində “təcili yardım” maşınını vurub qəza törədir. Onu yenidən həbs edirlər 3 il 8 ay. Cəzasını çəkdikdən sonra Ağdama gəlir. Yenə sürücü işləyir.
Ermənilərin 1988-ci ildə başlayan təcavüzünə qarşı Ağdam rayonunun Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində dayaq dəstələri yaradılırdı. Hərəkat böyüdükcə Asif Qarabağın digər rayonları ilə də sıx əlaqə saxlayırdı. 1990-cı ildə o, Ağdam könüllü özünümüdafıə dəstəsini yaradır və torpaqlarımızın qorunmasında yaxından iştirak edir. 1991-ci il noyabrın 15-də isə dövlət tərəfindən ilk könüllü tabor yaradılır.
1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində rəşadət göstərir. Xocalı faciəsi zamanı uşaq və qadınların xilas olunmasında canını əsirgəmir. A.Məhərrəmov 1992-ci ilin mart ayının 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir.
10 mart 1992-ci ildə məhz onun köməyi nəticəsində Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. 1992-ci il martm 20-də öz dəstəsi ilə kömək məqsədi ilə Füzuli şəhərinə gedir və erməni quldurlarını böyük itkilərə məruz qoyur. 24 iyun 1992-ci ildə Naxçıvanik yolunda ağır yaralanır. Bir müddət müalicə olunur və yenidən cəbhəyə qayıdır. 1993-cü il fevralın 22-də Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cü il oktyabrın 27-də Asifın səhhəti ağırlaşır. O, hərbi hissəni təhvil verib müalicəsini davam etdirmək məcburiyyətində qalır. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant A.Məhərrəmov həmin il iyulun 1-də 42 yaşında vəfat edir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. “General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdü.
Bakı şəhərində 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına küçə var.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Şirin Vəli oğlu Mirzəyev

Polkovnik-leytenant Şirin Mirzəyev bütün varlığı ilə yurduna bağlı bir insan idi.

Şirin Vəli oğlu Mirzəyev 5 yanvar 1947-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. Burada Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmətini başa vurduqdan sonra, 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmış, təyinatla İrəvana göndərilmişdir. Beş il burada xidmət etdikdən sonra işini Bakıya dəyişmişdir. Ş.Mirzəyev Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. O, Moskva Ali Siyasi Akademiyasına qəbul olmuş, 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, bütün varlığı ilə yurduna bağlı bir insan idi. Gündən-günə bərkiyən, püxtələşən və kamil bir zabitə çevrilən qeyrətli Vətən oğlu, içdiyi hərbi anda ömrü boyu sadiq qaldı, ən çətin anda ruhdan düşmədi, əqidəsinə arxa çevirmədi. 1991-ci ildə onu Ağdama gətirən də məhz Vətəninə, xalqına hədsiz sevgisi idi. Ş.Mirzəyev əla xidmətlərinə görə dəfələrlə medallar və döş nişanları ilə təltif edilmişdir. Rota komandirinin müavini, batalyon komandirinin müavini, diviziya komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
O, Qarabağ hadisələri başlayanda raport yazaraq döyüş bölgəsinə göndərilməsini xahiş etdi. O, ayrı-ayrılıqda fəaliyyət göstərən silahlı dəstələrin vahid komandanlıq altında birləşməsini istəyirdi. 9 oktyabr 1991-ci il tarixdə o, Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edildi. Cəsur komandir qısa müddət ərzində ətrafına güclü döyüşçü kontingenti topladı. Polkovnik-leytenant rütbəsinəcən yüksələn igid komandir torpaqlarımızın hər bir qarışının müdafiəsi üçün əsl qəhrəmanlıq nümunəsi göstərir, şərəfli hərbçi adını ləyaqətlə qoruyurdu.
1992-ci il iyun ayının əvvəllərində komandanlıq tərəfindən böyük bir hərbi əməliyyat planı hazırlandı. Qoşun hissələri eyni vaxtda 3 istiqamətdən hücuma keçib, düşməni geri oturtmalı idilər. Hücum əməliyyatını uğurla həyata keçirmək üçün güclü hərbi texnika, silah-sursat lazım idi. Taborun ixtiyarında olan döyüş vasitələri tələbatı ödəmirdi. Cəsur komandir bütün çətinliklərə baxmayaraq öz dəstəsilə Xaçınçay boyunca irəliləyib, ilk həmləylə Qazançı kəndini düşməndən azad etdi. İgid komandir əlavə plan hazırlayaraq, iyunun 12-də Sırxavənd kəndini nəzarət altına alır.
Polkovnik-leytenant Şirin Mirzəyev orduda baş verən haqsızlıqlara dözə bilmirdi.
1992-ci il iyunun 18-də... O, Bakıya gəlib rəhbərliklə danışıq aparır və yenidən öz mövqeylərinə - Qaralar kəndinə yollanır. Lakin geri qayıdarkən mindiyi “UAZ” markalı maşın minaya düşür. O, iki yaxın qohumu ilə birlikdə 45 yaşında şəhidlik zirvəsinə uçalır.
Ailəli idi. İki övladı - qızı, oğlu yadigar qalmışdır.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakının Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Canpolad Yaqub oğlu Rzayev

Tankın üzərinə öz adını yazmış Vətənini canından çox sevən və onun azadlığı yolunda son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalan Canpolad Rzayev.

Canpolad Yaqub oğlu Rzayev 26 fevral 1968-ci ildə Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Kişik yaşlarından inadkar, sözündən dönməz, haqsız işlə barışmayan uşaq idi. Əhmədavar kənd orta məktəbinin səkkizinci sinifini bitiir. Bir müddət kolxozda işləyir. 1988-ci ildə ordu sıralarına cağrılır. Hərbi xidmətini raket qoşunları hissəsində keçirir. Burada hərbi texnikanın sirlərinə mükəmməl yiyələnir. Onun hərbi xidməti elə vaxta təsadüf edir ki, erməni quldurları kəndlərinə tez-tez basqın edib görünməmiş vəhşiliklər törədirdilər. Sovet Ordusunda xidməti başa çatdırdıqdan sonra Canpolad hərbi hissədə qalıb təhsilini davam etdirir. Leytenant rütbəsi alır. O, komandanlığa raport yazıb Azərbaycana qayıdır. Ölkəmiz, Qarabağımız ağır günlər yaşayırdı. Vətənin ağır günündə ilk özünü müdafiə dəstəsi yaradanlardan biri ”Qatır Məmməd” ləqəbli Yaqub Ələsgər oğlu Rzayevin oğlu Canpolad Rzayev dəstəyə üzv oldu. Dəstə üzvüləri hünər meydanında öz sözlərini deyərək düşmənə ağır zərbələr endirirdilər. İtkilərə məruz qoyurdular. Yaqub və Canpolad Rzayevlərin öndə getməsi döyüşçülərə ruh yüksəkliyi verir, qələbəyə inamla aprırdı. Canpolad Rzayev bir komandir kimi Xanabad, Xramort, Əsgəran, Qarakənd, Gülablı kəndlərində gedən döyüşlərdə rəşadətlə vuruşurdu. Canpolad doğmalarını arxayın edir ki, ”Yaxın günlərdə qayıdacağam. Bu yerləri heç kim bizdən yaxşı tanımır. Hər çığırına dağına-daşına bələdik. Bir övlad kimi borcumu şərəflə qaytarmalıyam”.
Ermənilər Canpoladın çevik, cəsur döyüşçü olduğunu əməliyyatlardan sərrastlıqla baş çıxartdığını yaxşı bilirdi. Ona görə onun diri tutulması üçün küllü miqdarda pul ayırmışdır. Təki onu əsir tuta bilsinlər. Ona görə də bir qayda olaraq döyüşə yollananda son gülləni özünə saxlayırdı. 26 fevral 1992-ci il... Qəfil gələn xəbər Canpoladı sarsıdır. Ermənilər Xocalıya hucum edərək rus silahlı birləşmələrinin koməyi ilə qanlı qırğınlar törətmışdilər. Od tutub yanan şəhərdə qarşılarına çıxanları amansızcasına güllələyirdilər. Qatilin ən qəddar üsullarını seçirdilər. Canpolad dərhal dinc əhaliyə köməyə yollandı. Soyuq qış gününün şaxtalı gecəsi. Müdafiə olunmaq üçün köməksiz əhali dağlara, dərələrə, Qarabağ boyunca hara gəldi səpələnmişdi. O, tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Kənd hər tərəfdən güclü atəş altındaydı. Xocalıdan çıxan əhalinin xeyli hissəsi bura sığınmışdı.
Dalbadal iki sərrast atəş...Düşmən mövqeyi bir göz qırpımında darmadağın edildi. Bunu görən döyüşçülərimiz kənddə sığınacaq tapmış qız-gəlinləri oradan çıxarırdılar. Az keçmədiki düşmən yenə Qaraqayanı hədəfə aldı. Cəsur komandir xeyli erməni quldurunu sərrast atəşlərlə məhv etdi. Yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Bu cəsur komandirin son döyüşü oldu, Canpolad 24 yaşında bu döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Ailəli idi iki oğlu yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Məzari düşmən tapdağı altında olan Ağdam şəhərindəki Şəhidlər Xiyabanındadır.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


İxtiyar Qasım oğlu Qasımov

Sizin keçdiyiniz çətin və şərəfli yolunuz gənclərimizə ən gözəl örnəkdir.

İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində doğulmuşdur. 1977-ci ildə indi onun adını daşıyan kənd orta məktəbinin birinci sinfinə getmiş və səkkizinci sinfədək burada təhsil almışdır. İxtiyar 1985-ci ildə Bakıya gəlir və təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Məktəbi uğurla bitirir. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verir. İmtahanları yüksək səviyyədə verərək, aqronomluq fakültəsinə daxil olur. O, ilk kursdan fərqlənməyə başlayır.
İxtiyarın torpağa sevgisi, məhəbbəti böyük idi. Bütün fikri soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasının qarşısının alınmasında yaxından iştirak etmək idi.
1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılmışdı. O, fürsətdən istifadə edib, hərbi komissarlığa müraciət edir. Arzusunu yerinə yetirirlər. O, 836 saylı hərbi hissənin 3-cü batalyonunda əlinə silah götürür. Qasımov döyüşə kəşfiyyatçı kimi başlayır. Seçdiyi düzgün plan nəticəsində Qazançı kəndində ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilir. İ. Qasımov 15 mayda düşmənin Abdal-Gülablı kəndinə basqınının qarşısının alınmasında xüsusi olaraq fərqlənir.
1992-ci il 14 iyul...Ermənilər Canyataq kəndinə hücuma keçirlər. Döyüş zamanı əsgərlərimizdən bir neçəsi yaralanır. İxtiyar onların düşmən əlinə keçməsindən ehtiyat edərək, özünü qabağa atıb, düşmənlə üzbəüz dayanır. O, əks hücumun qarşısını təkbaşına almağa müvəffəq olur. Yaralıları xilas edirlər.İxtiyarın özü isə 22 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Salahlı kənd qəbristanlığında dəfn edilmişdir. Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Natiq İlyas oğlu Əhmədov

Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.

Əhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəbi bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Artilleriya hissəsində hərbi xidmətdə olur.
Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi.
O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.
Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.
26 sentyabr 1991-ci il... O, xidməti yoldaşı Əlı ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Faiq Alış oğlu Ağayev

Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır.

Faiq Alış oğlu Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında layiqli xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanır. O, 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan və ən təşvişli günləri başlayır.
1991-ci il 23 dekabr… Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.
Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.
Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını xilas edərkən 22 yaşında öz həyatını qurban verərək ən uca zirvə şəhidlik zirvəsinə ucaldı.
Subay idi.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.


Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə


Nadir Alış oğlu Əliyev

Nadir öz canından artıq sevirdiyi ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşur.

Əliyev Nadir Alış oğlu 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinifini bitirib, ailəsi ilə birlikdə Bakıya köçüb. Elə həmin il Bakı Politexnik Texnikomuna daxil olub.1981-ci ildə texnikomu fərqlənmə diploma ilə bitirib, az sonra hərbi xidmətə çağırılır. O, 1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti idarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakultəsinə daxil olur. 1986-cı ildə onu bir neçə tələbə ilə birlikdə Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onu Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu. Nadirin gözündə qəzəb alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. Nadir Əliyev Qarabağ və ətraf rayonlarda işlədiyi dövürdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi.
1993-cü ilin iyul ayının əvvəlləri…Ağdam sanki can üstəydi. Erməni silahlı qüvvələri bu bölgəni üzük qaşı kimi mühasirəyə almışdı. Vaxt ötdükcə mövqelərimiz daralır, qədim bir yurd əlimizdən çıxırdı. Belə çətin günlərdə bəzi hərbi hissə rəhbəri də ərazini sahibsiz qoyub geri çəkilirdi. Düşmən Qiyaslı kəndi istiqamətindən böyük qüvvə ilə Ağdam şəhərinə girməyə can atırdı. Baş leytenant Nadir Əliyev əlavə qüvvələrin göndəriləcəyi ümidi ilə öz dəstəsinə irəli atılmağı əmr etdi. Qeyri-bərabər döyüş başlandı. Düşmən qüvvələri sayca çox olduğundan dəstəmiz çətin durumda qalmışdı. Atılan güllələrdən biri Nadirin sinəsini dəlib keçdi. O, 31 yaşında ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşur.
Ailəlidir. İki övladı var .
Azərbaycan Resbublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Suraxanı rayonundakı 282-saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.


Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Allah rəhmət eləsin.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə
Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə
Şəhidlər azadlığın uca heykəl daşıdır- I hissə