Şəhid və qazi övladları üçün məktəbli formaları PULSUZ OLACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də məktəb və universitetlər ənənəvi təhsil sisteminə geri qayıdır. Görəsən, pandemiya dövrünü və müharibə şəraitindən çıxan bir zamanı nəzərə alaraq, şəhid, qazi ailələrinin, aztəminatlı ailələrin uşaqlarına məktəbli formaların pulsuz verilməsi məsələsi gündəmə gələ bilərmi?

ictimaixeber.com olaraq, sualımızı deputat Müşviq Cəfərova ünvanladıq.
Onun sözlərinə görə, şəhid və qazi övladlarının məktəb forması və ləvazimatları ilə təmin olunması həm dövlətin, həm fərdi sahibkarlıqla məşğul olanların birgə əməyi ilə reallaşa bilər:

"Məktəbli formalarının istehsalı özəl şirkətlərə məxsusdur. Düşünürəm ki, dövlətimiz sahibkarları belə bir xeyriyyə məqsədli aksiyaya cəlb edə bilər. Həmçinin, dövlət daim Vətənin bütövlüyü uğrunda canlarını fəda edənlərin ailəsini diqqət mərkəzində saxlayıb və bu sahədə əməli addımlar atır. Çox güman ki, bilik günü münasibətilə də onlara hər hansı bir formada dəstək olunacaq. Zənnimcə, şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayan "YAŞAT" Fondu bu əlamətdar gündə də özünəməxsus fəaliyyət nümayiş etdirəcək".