Quba rayonu tarixi və təbii abidələr məskəni, gözəlliklər diyarıdır.

Quba rayonu tarixi və təbii abidələr məskəni, gözəlliklər diyarıdır.

Azərbaycanın dilbər bölgələri çoxdur. Onlardan biri də Quba rayonudur.

Quba rayonunun ərazisi ulu yaradan tərəfindən sanki turizm və insanların ağır əməkdən sonra istirahət etməsi üçün nəzərdə tutulmuşdur. Sıx meşələr, uca dağlar, şiş qayalar, gur çaylar, soyuq bulaqlar, nəğmə deyən şəlalələr, dibi görünməyən yarğanlar və s. buraya gələnləri vəcdə gətirir. Hər il on minlərlə turist, səyyah, qonaq, təbiət vurğunu bu əsrarəngiz gözəlliklərdən həzz alır.

Azərbaycanın təbii abidələri siyahısına daxil edilmiş, dövlət tərəfindən qorunan Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsi, piyadalar üçün quraşdırılmış asma körpü, termal bulaqlar, dərinliyi 600 metr olan Təngə dərəsi, dünya möcüzələrindən sayılan Xınalıq kəndi, burada yaşayan etnik qrup, müalicəvi sular ilin bütün fəsillərində turistləri və səyahət həvəskarlarını cəlb edir. Yay mövsümü ərzində rayon ərazisindəki çoxsaylı turistləri görəndə adama elə gəlir ki, bütün aləm buraya axışmışdır.

Qubadan 65 kilometr məsafədə, uca dağlar qoynunda, dəniz səviyyəsindən 2.500 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin əhalisi nadir etnik qrupdur. Xınalıq dili dünyadakı müasir dillərin heç birinə bənzəmir. Kəndin yaxınlığında müqəddəs ziyarətgah yerləşir. IX əsrə aid bu ziyarətgahda yerin təkindən təbii alov çıxır. Yerli əhali bu yeri Atəşgah adlandırır. Əvvəllər bu kəndə ancaq atla getmək mümkün idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə kəndə geniş asfalt yol çəkilmişdir. İndi turistlər ilin bütün fəsillərində Xınalığa gedə bilərlər.

XVIII əsrdə yaşamış məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Qubaya da gəlmiş, bu məkanın əsrarəngiz təbiətinin seyrinə dalmış, tarixi abidələrinə tamaşa etmişdir. Mənzərəli yerlərin birində istirahət edən qubalılar məşhur yazıçını öz tonqalları ətrafına dəvət etmişlər. Qoyunun necə kəsilib soyulması, ustalıqla doğranması, köz üzərində bişirilən kababın özünəməxsus ləzzəti Dümada böyük təəssürat yaratmışdır. Norveç alimi və səyyahı Tur Heyerdal da bu füsunkar diyarın təbii möcüzələrindən həzz almış, yazdığı elmi əsərlərdə Qubanın gözəlliklərini təsvir etmişdir. Belə faktlar Quba ərazisinin yüz illər boyu alimlərin, səyyahların və turistlərin diqqətini cəlb edən maraqlı və ecazkar bir məkan olmasından xəbər verir.

Rayonun inzibati mərkəzi Quba Bakıdan 168 kilometr məsafədə, dəniz səviyyəsindən 600 metr yüksəklikdədir. Əhalisinin sayı 140 min nəfərdir. Bura gələn turistlər Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış şəxsiyyətlər barədə yerli tarix muzeyində ətraflı məlumat ala bilərlər. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Azərbaycan tarixinə aid ilk elmi əsər hesab edilən “Gülüstani-İrəm” kitabını A.Bakıxanov məhz bu evdə yazmışdır.

İndiyədək qorunub saxlanılan Səkinə xanım məscidi, Cümə məscidi, XVI əsrə aid məqbərə, qədim şəhər hamamı kimi tikililər turistlərin maraq göstərdikləri tarixi yerlərdəndir.

Qubada yəhudilərin yığcam yaşadıqları Qırmızı Qəsəbə də turistlərin diqqətini çəkir. Qəsəbəyə gələn səyyahlar və turistlər sanki nağıllar aləminə düşdüklərini zənn edirlər. İki, üç, dördmərtəbəli abad, yaraşıqlı fərdi evlər, qəsəbədə fəaliyyət göstərən yəhudi sinaqoqu, azərbaycanlı və yəhudi uşaqlarının birgə təhsil aldıqları, hər cür tədris ləvazimatı və avadanlıqla təchiz olunmuş orta məktəb qonaqlarda böyük təəssürat yaradır.

Quba xalçaları dünyada çoxdan məşhurdur. Bura gələn həmvətənlərimiz, xüsusilə də əcnəbi qonaqlar yerli xalçaçı ustalar tərəfindən əllə toxunmuş xalçaları həvəslə alırlar. “Çiçi”, “Pirəbədil”, “Qollu Çiçi”, “Qımıl”, “Cimi”, “Yerfi” və s. xalçalar dünyanın bir çox muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.

Rayonun ərazisi yay aylarında turistlərlə dolu olur. İstirahət mövsümündə məşhur Qəçrəş, Balbulaq, Təngəaltı, “Cənnət bağı” istirahət mərkəzlərindəki restoran, kafe və yeməkxanalarda boş masa tapmaq müşkül məsələyə çevrilir. Quba şəhərindən cəmi iki kilometr aralıda Quba-Qəçrəş yolunun üstündəki “Quba” istirahət zonasında turistlər və səyahətçilər üçün hər cür şərait vardır. Həmin yolla dağlara tərəf daha bir neçə kilometr irəlidə fəaliyyət göstərən “Aynur” istirahət mərkəzi respublikamızda məşhurdur. Yayın ən isti, bürkülü günlərində belə bura sərinliyi ilə fərqlənir. Qəçrəş kəndi yaxınlığında “Baba ocağı” istirahət guşəsi də turistlərin çox xoşladıqları yerlərdəndir. Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən bu məkan turistlərə yaxşı tanışdır. “Uzunmeşə” istirahət mərkəzi göz yaşı kimi təmiz və soyuq sulu bulaqları, yaşıl meşələri ilə tanınır. İlin bütün fəsillərində buraya turist axınının ardı-arası kəsilmir.

Qubaya gəzməyə, yaxud qısamüddətli istirahətə gələnlər şəhərdəki “Şahdağ” mehmanxanasında, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilmiş Olimpiya Mərkəzinin kotteclərində və mehmanxanasında gecələyə bilərlər. Kompleksdə uzunluğu 50 metr olan örtülü üzgüçülük hovuzu, açıq səma altında stadion, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş örtülü stadion, trenajor zalı, tennis kortu və mini futbol meydançası vardır.

Qubanın Xəzər dənizi çimərliklərinə, Nabran-Yalama istirahət mərkəzinə və Qusar rayonunun istirahət yerlərinə yaxın olması da mühüm əhəmiyyət kəsb edir və turistlər üçün əlavə maraq yaradır. Buna görə də Bakının və yaxın rayonların sakinləri buraya adətən şəxsi avtomaşınlarında gəlirlər. Qubadan 10-15 dəqiqəyə Qusara, 25-30 dəqiqəyə Nabran istirahət mərkəzinə, oradakı çimərliklərə çatmaq mümkündür.

Bütün bu sadalananlar hələ hamısı deyildir. Quba rayonunda turizmin inkişafı üçün perspektivlər böyükdür. Cari ilin ölkəmizdə “Turizm ili” elan olunması, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi rayonda turizm potensialından daha səmərəli istifadə olunmasına, ölkəmizin bu dilbər guşəsinə daha çox turist cəlb edilməsinə təkan verə biler.[center]Quba rayonu tarixi və təbii abidələr məskəni, gözəlliklər diyarıdır.
Quba rayonu tarixi və təbii abidələr məskəni, gözəlliklər diyarıdır.[/center

Hidayet Eliyev
ictimaixeber.com-ın müxbiri