Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki


Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir.

Şəki rayonunun ərazisi 2,43 min kvadrat km-dir. 01.01. 2019-cu il tarixə Şəki rayonunun əhalisi 186,5 min nəfərdir. Onlardan 68,3 min nəfəri şəhər, 118,2 nəfəri kənd ərazisində yaşayır.

Rayonda 71 yaşayış məntəqəsi var. Onlardan 1-i şəhər, 2-si qəsəbə, 68-i kənddir.

Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrı, bir alı məktəb, kolleclər, 97 ümumtəhsil məktəbi, müxtəlif mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Şəki respublikanın iri kənd təsərrüfatı rayonlarından və turizm mərkəzlərindən biridir. Əhalinin əsas hissəsi kənd təsərrüfatının müxtəlif sahələri – taxılçılıq, heyvandarlıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və meyvəçiliklə məşğul olur, həmçinin sənaye sahəsində, tikintidə, ticarətdə, təhsildə, səhiyyədə və digər sahələrdə çalışır. İpəkçilik bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında mühüm yer tutmuşdur. Hazırda Şəkidə regionun ən böyük sənaye müəssisələrindən biri olan “Azəripək” MMC fəaliyyət göstərir. İpəkçiliklə yanaşı yeyinti sənayesi, tikinti materiallarının istehsalı da inkişaf etmişdir.Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki

Şəki dünyanın bir sıra ölkələrinin şəhərləri, o cümlədən Türkiyənin Giresun, Lapseki şəhərləri, Konya şəhərinin Məram, Bolu şəhərinin Göynük bələdiyyələri, Bolqarıstanın Qobrovo, Belarusun Slutsk, Gürcüstanın Telavi, Fransanın Kolmar, Xorvatiyanın Varajdin şəhərləri ilə qardaşlaşmışdır.

Şəki bölgənin mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəzi hesab olunur. 2700 ildən artıq tarixi olan Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir.Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki
Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki

Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan Fazıl nekropolu, I-IV əsrlərə aid Kiş alban məbədi, XVIII əsrə aid Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir. 2012-ci ildə “Şəki Xan Sarayı”nın 250 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaratmışdır. Bu böyük sərvətin xeyli hissəsi nəsildən –nəslə keçərək bizim dövrümüzədək gəlib çatmışdır. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Şəki şəhəri olmuşdur. Qədim və orta əsr sənətkarlarının misilsiz sənət ənənələrini, onların əməli təcrübəsini davam etdirən Şəki sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. Şəkinin sakinləri öz bənzərsiz ənənələrini və qədim sənət biliklərini bu gün də qoruyub saxlamışlar. Şəkinin şəhər həyatı ilə əkiz yaranan sənət sahələrinin xeyli hissəsi bizim dövrümüzədək davam etməkdə idi.

Dəmirçilik, silahsazlıq, misgərlik, zərgərlik, papaqçılıq, duluzçuluq, şəbəkəçilik, xalçaçılıq və s. Qədim köklərə malik olan bir çox istehsal sahəsi Şəkinin sənət məbədinin sütunlarını teskil edir.

Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş etmişdir. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana vətəni hesab olunur. Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2012-ci ildə Şəkidə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş geniş bayram tədbiri keçirilmiş, M.F.Axundzadənin ev muzeyinin açılışı olmuşdur.

Gözəl təbiəti, iqlim amilləri, memarlıq, mədəni-məişət abidələri, müsbət adət-ənənələri, nadir sənətkarlıq növləri, heç yerdə təkrarı olmayan Şəki mətbəxinin ləziz xörəkləri turizmin, xüsusilə beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bu dövrdə böyük əhəmiyyət kəsb edir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Hazırda Şəkidə 17-dən artıq otel və istirahət mərkəzi fəaliyyət göstərir.

Şəki Azərbaycanın mədəni mərkəzlərindən biridir. Hər il Şəkidə çoxlu sayda mədəni-kütləvi tədbirlər keçirilir, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunur. Şəki Azərbaycanda Festivallar şəhəri kimi tanınır. Artıq Şəkidə Beynəlxaq Musiqi Festivalının, Şirniyyat festivalının və Teatr Festivalının keçirilməsi ənənə şəklini almışdır. Festivalların keçirilməsinin əsas məqsədi xalqımızın qeyri-maddi irsinin qorunub saxlanması və təbliğ olunmasına, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.

2010-cu ildə Şəki "Azərbaycanın Sənətkarlıq Paytaxtı", 2012-ci ildə türk dünyasının qeyri- maddi mədəni irs paytaxtı seçilmiş, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.

2017-ci ilin oktyabr ayının 31-də keçirilən YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinın XI yığıncağında Şəki şəhərinin YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilməsi haqqında qərar qəbul edilmişdir.

Hazırda şəhərin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki
Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki
Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki
Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki