Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olub

Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olubAzərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, respublikamızın şəhər və rayonlarında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri keçirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edirlər.

Növbəti belə tədbirlər Şuşa, Cəbrayıl və Daşkəsən rayonlarından olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə təşkil olunub.

Şuşa və Cəbrayıldan olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə keçirilən görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev ehtiyata buraxılmış hərbi vəzifəliləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyiblər.

Xidmətin Şuşa rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Əliyev və Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, son illərdə qazanılan mühüm nailiyyətlər, xüsusilə Aprel zəfəri cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.

Daşkəsəndə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusunun döyüş ruhu çox yüksəkdir.

Xidmətin rayon bölməsinin rəisi, mayor Aqşin Xancanov bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanır və nümunəvi xidmətləri ilə fərqlənirlər. Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.

Çıxış edən valideynlər övladlarının hərbi xidməti uğurla başa vurmaları ilə fəxr etdiklərini bildirib, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Digər çıxış edənlər hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıb, gəncləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindir.

Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Tədbirlərdə məktəblilərin və özfəaliyyət kollektivlərinin təqdim etdikləri kompozisiyalar maraqla qarşılanıb.