Bakıda Azərbaycan və Moldova həmkarlar ittifaqları fəalları üçün beynəlxalq treninq keçirilib

Bakıda Azərbaycan və Moldova həmkarlar ittifaqları fəalları üçün beynəlxalq treninq keçirilibMayın 8-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə “Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi” mövzusunda beynəlxalq treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan və Moldova həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

S.Möhbalıyev bildirib ki, ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir. Bu münasibətlərin davamlılığı və yaranmış inam iki ölkə həmkarlar ittifaqının və əməkçilərin xeyrinə olmaqla yanaşı, uzun illərdir ki, sıx əlaqələrin qurulmasına xidmət edir. AHİK ilə Moldova Milli Həmkarlar İttifaqı Konfederasiyası arasında yaranmış sağlam iş birliyi işçilərin sosial və hüquqi mənafeyinin müdafiəsi istiqamətində müsbət nəticələr əldə etmək üçün geniş imkanlar yaradır.

Sədr bildirib ki, nümayəndələrin qarşılıqlı səfərləri, təcrübə mübadilələri aparmaları, təlim kurslarının, görüşlərin və digər birgə tədbirlərin keçirilməsi əməkdaşlıq üçün yüksək zəmin yaradıb. Ötən ilin oktyabr ayında Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində “Dayanıqlı inkişafın məqsədlərinin həmkarlar ittifaqları üçün əhəmiyyəti nədir?” mövzusunda keçirilən regional konfransda AHİK-in nümayəndə heyəti də iştirak edib. Ona görə də hesab edirəm ki, bugünkü görüş əməkdaşlığımız üçün əlavə təcrübə mübadiləsi nöqteyi-nəzərindən geniş imkanlar yaradır.

Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Moldova həmkarlar ittifaqlarının Dayanıqlı İnkişafın Məqsədlərinin həyata keçirilməsi sahəsində apardıqları səmərəli işləri yüksək qiymətləndirib və onları prioritet ölkə seçiblər. Hər iki respublika “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulub. Dayanıqlı İnkişaf Məqsədləri adlanan bu razılaşma BMT-yə üzv olan dövlətlərin 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarından qüvvəyə minib.

Azərbaycan həmkarlar ittifaqları da dayanıqlı inkişaf üçün özəl sektorla daha sıx əməkdaşlıq qurulmasına, əmək şəraitinin yaxşılaşdırılmasına çalışır.

S.Möhbalıyev deyib: “Biz sosial tərəfdaşlarımızla bərabər bu istiqamətdə konkret addımlar atmışıq. Tərəfimizdən 8 istiqamət üzrə konsepsiya qəbul edilib və onun icrasına başlanılıb. Bu zaman nəzərə alınıb ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluq və layiqli işi, cins fərqi qoyulmadan bərabər dəyəri olan əmək üçün bərabər əməkhaqqı ilə təminatı, gənclər arasında işsizliyin aradan qaldırılmasını, uşaq əməyinin bütün formalarına son qoyulmasını, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, əmək hüquqlarının qorunmasını, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet kimi qeyd edir”.

Vurğulanıb ki, ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi, sosial sabitliyi qorumaq üçün sosial dialoqun inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərin həyata keçirilməsində Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya xüsusi əhəmiyyət kəsb edir.

Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial tərəfdaşlıq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində səmərəli rol oynayır. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük verilir.

AHİK BƏT-in təşkilatçılığı ilə son iki ildə 13-dən çox beynəlxalq tədbir keçirib. Tədbirlər təkcə Bakını deyil, həm də respublikanın 5 regionunu əhatə edib. “BƏT-in 204 saylı tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti”, “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”, “Dünyamızın transformasiyası”, “Davamlı İnkişaf məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu”, “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri”, “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri”, “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” və digər mövzular ətrafında sosial tərəfdaşların iştirakı ilə müzakirələr aparılıb.

Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan dayanıqlı inkişaf məqsədlərinin 8-ci məqsədində nəzərdə tutulan məsələlərin icrasının fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi ölkələrin rəhbərliyi ilə cəmiyyət arasında inam və etimad mühitini formalaşdıran əsas amillərdən biridir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin dünya reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir. Bu ilin əvvəlində ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə son 15 ildə maaşların 7, pensiyaların 9 dəfədən çox, o cümlədən minimum əməkhaqqının 14 dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Minimum əməkhaqqının ölkə üzrə aylıq əməkhaqqının 60 faizə çatdırılması həm də Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir. Bu məsələ respublikamızda qəbul edilən bir neçə dövlət proqramında da öz əksini tapıb. Ölkə Prezidentinin minimum əməkhaqqının yaşayış minimumu məbləği ilə bərabərləşdirilməsi barədə imzaladığı Sərəncam bu məsələnin həllinə yeni imkanlar açıb. Sərəncama əsasən, martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi 600 min nəfər çalışanın əməkhaqqının artması deməkdir.

AHİK sədri bildirib ki, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlətin nailiyyət qazanması əsasən onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaq. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.

İkinci önəmli istiqamət, yəni, qlobal tərəfdaşlığın təmin edilməsi dayanıqlı inkişafa müsbət təsirini göstərə bilər.

Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz məqsədlərin həyata keçirilməsində öz izini qoyacaq. Məhz BƏT-in dəstəyi ilə müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq da AHİK-in xeyrinə olardı.

Üçüncü istiqamət isə tərəfdaşlıq və fəaliyyət birliyinin təminatıdır. Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərini təkmilləşdirməli və dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına ehtiyac var.

Daha sonra BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə İşçilərin Fəaliyyəti Bürosunun rəisi Serqius Qlovaskas, Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış ediblər.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza tədbirin əhəmiyyəti barədə çıxış edib. O bildirib ki, dünyada ölkələrin, şəhərlərin, müəssisələrin dəyişməsi, həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.

BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramlarının qəbul olunması və müvəffəqiyyətlə həyata keçirilməsi barədə konfrans iştirakçılarına məlumat verib. Y.Həmzəyev yüksək peşəkarlıqla hazırlanan bu proqramların əhalinin iqtisadi fəallığını stimullaşdırdığını, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açdığını bildirib.

Sonra AHİK-lə Moldova və Albaniya Həmkarlar İttifaqları Konfederasiyası arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilələr imzalanıb.

Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.