BMT-nin baş katibi bu təşkilatın Vyana Bölməsinin 40 illik yubileyində iştirak edib

BMT-nin baş katibi bu təşkilatın Vyana Bölməsinin 40 illik yubileyində iştirak edibMayın 28-də Vyanada BMT-nin bu şəhərdə yerləşən bölməsinin – Vyana Beynəlxalq Mərkəzinin təsis edilməsinin 40 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirində BMT-nin baş katibi Antonio Quterreş də iştirak edib. Baş katib səfər çərçivəsində, həmçinin Vyanada təşkil olunan beynəlxalq iqlim konfransına qatılıb və Avstriyanın dövlət başçısı Aleksander Van der Bellen ilə görüşüb.

Qeyd edək ki, BMT-nin Vyana Bölməsinin yerləşdiyi Vyana Beynəlxalq Mərkəzi 23 avqust 1979-cu ildə fəaliyyətə başlayıb. Dünyanın 125-dən artıq ölkəsindən təxminən beş min əməkdaşın çalışdığı mərkəz Vyana sakinləri tərəfindən, həmçinin “UNO-City” kimi də adlandırılır. 1966-cı ildə Avstriya hökuməti BMT-nin mənzil-qərargahlarından birinin də Vyanada yaradılması təklifi ilə çıxış edib. Bu qərar qəbul edildikdən sonra Dunay çayının sol sahilində beynəlxalq mərkəzin tikintisinə start verilib. 1979-cu ildə rəsmi açılışı olan mərkəz üçün BMT Avstriya dövlətinə illik bir şillinq (7 avro senti) rəmzi kirayə haqqı ödəyir. Hazırda Vyana Beynəlxalq Mərkəzində BMT-nin on beşdən artıq qurumu yerləşir (Narkotiklər və Cinayətkarlıq üzrə İdarə, Beynəlxalq Atom Enerjisi Agentliyi, Sənaye İnkişafı Təşkilatı, Kosmik Məsələlər üzrə Büro və s.).

Yubiley tədbirlərində ölkəmizin Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və nümayəndəliyin əməkdaşları da iştirak ediblər.