Bakıda "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" mövzusunda konfrans keçirilib

Bakıda "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" mövzusunda konfrans keçirilibMayın 31-də Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti, bu mühüm sənəddə qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

Konfransın Azərbaycan Respublikası Vəkillər Kollegiyasına edilmiş tövsiyələrin icra vəziyyəti və bu tarixi sənədin Vəkillər Kollegiyasının üzvləri arasında təşviqi məqsədilə təşkil edildiyi diqqətə çatdırılıb.

Birinci vitse-prezidentin köməkçisi, Vəkillər Kollegiyasının üzvü Gündüz Kərimov tədbirdə çıxış edərək deyib ki, son bir il yarım ərzində Azərbaycanda vəkillərin sayı 800-dən 1500 nəfərə qədər artıb. Bu, çox yaxşı haldır. Ancaq bununla yanaşı, qanunvericilikdə olan məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yaşayan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Ona görə də vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev diqqətə çatdırib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində vəkillik institutunun inkişafına şərait yaradacaq yeni yanaşmalar tətbiq olunub.

Bildirilib ki, “ASAN xidmət”lə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır. Bu, həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq. Vurğulanıb ki, Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə cəza siyasətinin humanistləşdirilməsinə dair növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq.

Baş prokurorun müavini Namiq Əsgərov bildirib ki, Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib. Diqqətə çatdırılıb ki, məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorlar insan hüquqları və azadlıqlarının müdafiəsini təmin edirlər. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərirlər.

Qeyd edilib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda Baş Prokurorluğa edilmiş iki tövsiyə var. Baş prokurorun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradılıb. Göstəriş verilib ki, Prezidentin Fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Həm Ali Məhkəməyə, həm də Ədliyyə Nazirliyinə 200-dən çox təklif göndərilib. Hazırda Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun işçiləri birlikdə Fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyəti üzrə müvafiq quruma göndəriləcək.

Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin məhkəmə-hüquq islahatlarında yeri və rolu”, Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzularında çıxış ediblər.

Konfrans müzakirələrlə davam edib.