Yaponiya Baş Nazirinin iqamətgahında iftar süfrəsi təşkil olunub

Yaponiya Baş Nazirinin iqamətgahında iftar süfrəsi təşkil olunubYaponiyanın Baş Naziri Şinzo Abe Yaponiyada akkreditə olunmuş müsəlman ölkələrinin diplomatik missiyalarının rəhbərləri üçün ənənəvi iftar süfrəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, qəbulda 42 ölkənın Yaponiyadakı missiyalarının rəhbərləri, hökumətin yüksək səviyyəli rəsmiləri və parlamentin nümayəndələri iştirak ediblər. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov tədbirdə ölkəmizi təmsil edib.

Tədbirdə çıxış edən Baş Nazir bildirib ki, Yaponiyanın müsəlman ölkələri ilə münasibətləri qədim tarixə malikdir. Yaponiya müsəlman ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə olduğuna böyük məmnunluqla yanaşır və münasəbətlərin bundan sonra daha da genişlənəcəyinə ümidvardır. Baş Nazir dinlərarası dialoq, mədəniyyət mübadiləsi, sülh və əmin-amanlığın bərqərar olmasında Yaponiya və müsəlman ölkələri arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.