Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbSabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkarlanaraq götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir tədbir Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan məlumat əsasında Nardaran qəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Orada xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qram qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və beş ədəd güllə aşkarlanaraq götürülüb.

Faktlarla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.