Rusiyanın tibb müəssisələrinin nümayəndələri Tibb Universiteti və onun klinikalarının fəaliyyəti ilə tanış olublar

Rusiyanın tibb müəssisələrinin nümayəndələri Tibb Universiteti və onun klinikalarının fəaliyyəti ilə tanış olublarRusiya Federasiyasının bir sıra klinika və universitetlərinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlarla görüşən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qonaqlara ali təhsil müəssisəsinin çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verib: “Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb. Biz bu il fakültənin 100 illiyini qeyd etdik. ATU-nun hazırda mövcud olan 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Burada 1300-ə yaxın müəllim, 170-ə yaxın professor, 350-yə yaxın dosent çalışır. Tibb Universitetində tədris prosesi birbaşa olaraq elmi tədqiqatlar, səhiyyədə əldə olunan nailiyyətlər ilə sıx əlaqəlidir”.

Görüş zamanı ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Qorxmaz Əhmədov universitetin tədris sistemi və tətbiq olunan yeniliklər haqqında danışıb. Dekan üç ildir imtahanlara açıq tipli sualların daxil edildiyini bildirib: “Yay istehsalat praktikası semestr ərzində keçirilir. Bu ildən etibarən aralıq qiymətləndirmə tətbiq olunur. Bu da tələbələrin biliklərinin qiymətləndirilməsinin şəffaf olmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində ATU-ya qəbul olan əcnəbi tələbələrin sayı əvvəlki illərə nisbətən dörd dəfə artıb. Bu il birinci kursda 670 azərbaycanlı tələbə oxuyursa, 602 nəfər də əcnəbi tələbə var”.

Universitetin ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Aygün Babayeva Azərbaycanda səhiyyə sistemi, xəstəxana və özəl klinikaların fəaliyyəti, tibb sahəsindəki elmi araşdırmalar və digər məqamlar haqqında təqdimatla çıxış edib.

Görüşdə Primorsk vilayətinin Artyom uşaq xəstəxanası, Kazan şəhər uşaq xəstəxanası, Belqorad şəhər poliklinikası və digər səhiyyə müəssisələrinin nümayəndələri, həmçinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak edib. Qonaqlar Tibb Universitetinin klinikaları ilə tanış olublar, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər. Onlar ATU ilə müxtəlif formatlı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını bildiriblər.