Lənkəranda sosial infrastruktur obyektlərin əlilliyi olanlar üçün müyəssərliyinin təmin edilməsi mövzusunda təlim keçirilib

Lənkəranda sosial infrastruktur obyektlərin əlilliyi olanlar üçün müyəssərliyinin təmin edilməsi mövzusunda təlim keçirilibLənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyəssərliyinin təmin edilməsi” mövzusunda təlim başa çatıb. Təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirib icra etdiyi və Əlil Təşkilatları İttifaqının Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində keçirilib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim Ümumrusiya Əlillər Cəmiyyətinin və “Cəmiyyət - hamı üçün” Əlilliyi olan Şəxslərin Problemlərinin Öyrənilməsi Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb.

Əsas məqsəd Lənkəran şəhərində müyəssər ətraf mühitin yaradılması və obyektlərin müyəssərliyinin pasportlaşdırılması üzrə mütəxəssislərin hazırlanması olan təlimdə Bakı və Lənkəranın müvafiq hökumət və qeyri-hökumət təşkilatlarından nümayəndələr iştirak ediblər. Təlim iştirakçıları beynəlxalq ekspertlərlə birgə Lənkəran şəhərinin bir sıra obyektlərinin, o cümlədən mərkəzi küçələr, H.Əliyev parkı, H.Əliyev Mərkəzi, Gənclər Mərkəzi və digər müəssisələrin müyəssərlik cəhətdən monitorinq və qiymətləndirilməsini aparıblar. Təlimdə iştirak edənlərə sertifikatlar verilib.

Qeyd edək ki, təlim keçənlər gələcəkdə Lənkəran şəhərində əlilliyi olan və digər hərəkət məhdudiyyətli insanlar üçün müyəssər mühitin yaradılması üzrə monitorinqlər aparacaq və şəhəri üzrə “Müyəssərlik modeli” hazırlayacaqlar. Onların həmin fəaliyyətləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.