“B.EST Solutions” şirkəti mobil qurğularda identifikasiya sənədlərinin təqdim edilməsi prosedurunu işləyib hazırlayır

“B.EST Solutions” şirkəti mobil qurğularda identifikasiya sənədlərinin təqdim edilməsi prosedurunu işləyib hazırlayır“Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions şirkəti SIM kart üzərində elektron rəqəmsal imzanın həllini təklif edən və eyni zamanda standartlaşdırma üzrə qabaqcıl Amerika institutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti olaraq ictimai təhlükəsizlik üçün SIM kartın istifadəsinin genişləndirilməsi texnologiyasını əlavə olaraq inkişaf etdirməyi təklif edib.

B.EST Solutions şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Standartlar və Texnologiyalar üzrə Milli İnstitutun İctimai Təhlükəsizlik Sahəsində Tədqiqatlar Departamenti müsabiqənin ikinci mərhələsində iştirak etmək üçün dünya üzrə 20 şirkət seçib.

Problemin həlli üçün B.EST Solutions şirkəti mobil qurğularda verilənlərin istifadə imkanlarının genişləndirilməsi və ictimai təhlükəsizliyinin yüksəldilməsi üçün SIM kartın istifadəsi məqsədilə identifikasiya sənədlərinin (pasportlar, identifikasiya kartları, sürücülük vəsiqələri) təqdim edilməsi prosedurunu işləyib hazırlayır. B.EST Solutions şirkətinin başlıca missiyası Azərbaycan Respublikasının vətəndaşları və şirkətlərinin xeyrinə texnologiyaların təqdim edilməsi hesab edilir.

“Asan İmza”- Azərbaycanın milli identitetidir və vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə, “Azercell”, “Bakcell”, “Azerfon” və “Pasha bank”a müraciət edərək onu əldə edə bilərlər. “Asan İmza” vasitəsilə 90 milyondan artıq tranzaksiya həyata keçirilib ki, bu da insanların rəqəmsal həyatını daha asan, təhlükəsiz və rahat edir. Mobil imzadan gecə-gündüz fəaliyyətdə olan, tez, təhlükəsiz və asan yolla istifadə edərək bank, vergi və dövlət sektorlarında mövcud olan 650-dən çox elektron xidmətdən yararlanmaq olar. “Asan İmza” sayəsində Azərbaycan elektron identifikasiya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən biri sayılır. Ətraflı məlumatı www.asanimza.az saytından əldə etmək mümkündür.

“B.EST Solutions” “Asan İmza” rəqəmsal elektron imzanın etibarlı partnyorudur. Bu layihənin idarə edilməsi sahəsində onun əməkdaşları mükafatlandırılıb və Google, Financial Times, ABŞ-ın Dövlət Departamenti və Almaniya Marşal Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən tanınıb. "B.EST Solutions" bütün dünyada böyük konfranslarda Azərbaycanı təbliğ və təmsil edir, Azərbaycanın milli zənginliyini artırmaq üçün xarici sərmayədarlarla əməkdaşlığı gücləndirir.

Milli Standartlar və Texnologiya İnstitutu ABŞ –ın Ticarət Nazirliyi nəzdində Federal Agentlikdir. 1901-ci ildə yaradılan və hazırda ABŞ-ın Ticarət Nazirliyinin bir hissəsi olan institut, ölkədəki ən qədim elmi laboratoriyalardan biridir. Bu laboratoriyaların missiyası məhsuldarlığı artırmaq, ticarətin inkişaf etdirilməsi və həyatın keyfiyyətinin yaxşılaşdırılması üçün ölçmələr, standartlar və texnologiyaların işlənib hazırlanmasından ibarətdir.