Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi sosial layihələr müsbət nəticələr verib

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi sosial layihələr müsbət nəticələr veribAvropa İttifaqının “Şərq Tərəfdaşlığının ərazi əməkdaşlıq proqramı” çərçivəsində Azərbaycan və Gürcüstanın dövlət qurumları, qeyri–hökumət təşkilatları və yerli icmaları arasında həyata keçirilən sosial layihələr başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar iyunun 10-da Tbilisidə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, hər iki ölkənin əlaqədar qurumlarının nümayəndələri iştirak ediblər.

Səfir Dursun Həsənov “Şərq Tərəfdaşlığının ərazi əməkdaşlığı proqramı” çərçivəsində həyata keçirilən bu layihələrin əhəmiyyətindən danışıb, bu cür layihələrin ölkələrimiz və xalqlarımız, eləcə də ayrı-ayrı regionlar arasında münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

Diplomat kənd təsərrüfatı, turizm, mədəniyyət və humanitar sahələri əhatə edən layihələrin davamlı olmasını arzulayaraq vurğulayıb ki, belə layihələr cəmiyyətlərin inkişafına, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə və gənclərimizin inteqrasiyasına xidmət edir.

Qubernator Şota Rexviaşvili çıxış edərək bildirib ki, tarixən mehriban qonşu və yaxın dost olan ölkələrimizin QHT-lərinin birgə layihələr həyata keçirməsi münasibətlərimizi daha da möhkəmləndirir. O, icra olunan layihələrin insanların sosial rifah halının yaxşılaşmasında mühüm əhəmiyyətini xüsusi qeyd edib.

Tədbirdə məlumat verilib ki, Avropa İttifaqının “Şərt Tərəfdaşlığının ərazi əməkdaşlığı proqramı” 2015-ci ildə başlayıb. Proqram çərçivəsində 6 layihə həyata keçirilib və bu layihələr çox müsbət nəticələr verib. Layihələrin uğurla başa çatması münasibəti ilə bir neçə QHT və icma rəhbərinə diplomlar təqdim olunub.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihə üzrə koordinatoru Fariz Qarayev AZƏRTAC-a müsahibəsində deyib ki, proqramın məqsədi müxtəlif layihələr vasitəsi ilə hər iki dövlətin vətəndaş cəmiyyəti, dövlət qurumları və icmaları arasında əməkdaşlığı gücləndirməkdir. Onun sözlərinə görə, proqram üç əsas istiqaməti - kənd təsərrüfatını, turizm və mədəniyyət sahələrini əhatə edib. Bu istiqamətlər üzrə daxil olmuş 29 layihədən 6-sı qalib gəlib. Bu layihələrin ikisinin əsas tərəfdaşı Azərbaycandan, digər dörd layihənin tərəfdaşları isə Gürcüstandan olub. Altı layihənin reallaşmasına hər iki ölkənin QHT-ləri də dəstək veriblər. Layihələr turizm, kənd təsərrüfatı, gənclər, mədəniyyət, sahibkarlıq və sosial sahələri (əlilliyi olan insanları) əhatə edib.

İcrasına 2018-ci ilin martında başlanılan layihələr bir il ərzində yekunlaşıb.