Bakıda yeni liftlər quraşdırılır

Bakıda yeni liftlər quraşdırılırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə müqavilə imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 63 lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırma işlərinə başlanılır. İlin sonuna kimi bütün liftlərin gətirilməsi və quraşdırılması həyata keçiriləcək. Hazırda gətirilən liftlərin birinci hissəsi Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında quraşdırılmağa başlanılıb.

Qeyd olunur ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. İşlər çərçivəsində köhnə liftlər demontaj edilib, lift şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunub, otaqların üstünə ruberoid çəkilib.

Bildirilir ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcəkdir. Bağlanan müqavilələrə və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunacaqdır.