Sosial müdafiə ilə bağlı bir sıra yeniliklərin tətbiqinə başlanıb

Yeni ilin başlaması ilə sosial müdafiə sahəsindəki bəzi yeniliklərin tətbiqinə başlanıb.


İctimaixeber.com-ın məlumatına görə, bunlardan ən vaciblərindən biri yaşayış minimumunun yeni hədlərinin tətbiq olunmasıdır.
Bu aydan yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Paralel olaraq isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, yeni yaşayış minimumu və ehtiyac meyarı bir sıra müavinətlərin təyin edilməsində əsas ölçü kimi götürüləcək.
Bu gündən yeni kommersiya məhkəmələrinin fəaliyyət göstərməsi ilə bağlı qanun da qüvvəyə minib. Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Kommersiya məhkəmələrinin 6 şəhərdə təşkil olunduğu bildirilir.