Qaradağlılar Qaradağlını tarixə qəhrəman kənd olaraq yazdılar.

İkinci Xocalı- Qaradağlı faciəsindən 28 il ötdü.

Xocavənd rayonunun Qaradağlı kəndi düz 4 il düşmənlə mübarizə aparmış, bu mübarizədə 78 sakinini qurban vermişdir. Bu kənd ermənilər yaşayan kəndlərlə əhatə olunmalarına, silah-sürsat və canlı qüvvənin sayı cəhətdən təcavüzkarlardan qat-qat geridə olmalarına baxmayaraq kənd sakinlərindən ibarət özünümüdafə dəstəsi doğma torpaqlarının müdafiəsi naminə böyük əzmkarlıq və qətiyyət nümayiş etdirərək kəndin düşmən əlinə keçməməsi üçün son güllələri qalanadək döyüşmüşdür. Qaradağlı müdafiəçiləri öz şücaətləri, dönməzlikləri, qəhrəmanlıqları ilə xalqımızın mübarizə və hünər tarixində yeni səhifə yaratdılar. Nə qədər ki, Azərbaycan xalqı var Qaradağlı müdafiəçilərinin bu mübarizliyi, qəhrəmanlığı həmişə fəxrlə anılacaq və gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Qaradağlı kəndi çox böyük müsibətlərlə üzləşib. Qarabağ hadisələri başlayandan həmişə düşmənin hədəfində olub bu kənd. Bura dəfələrlə hücumlar olunub, iri çaplı silahlardan atəşə tutulub, evlər, fermalar yandırılıb, dinc insanlar qətlə yetirilib. Amma ermənilər kənd sakinlərinin iradəsini, mübarizə əzmini qıra bilməyiblər. Kəndin qorxmaz oğulları həmişə düşmənin cavabını layiqincə verib, vurduqları zərərin əvəzini ikiqat çıxıblar.
Axırıncı 3 gün - 1992-ci il fevral ayının 15-i, 16-sı və 17-si tarixlərində gedən qeyri-bərabər döyüşdə düşmən 100-dən artıq adamını itirmişdi. Ermənilərin də etiraf etdiyi kimi, onların Dağlıq Qarabağda keçirdiyi ən ağır döyüş əməliyyatı Qaradağlı kəndində olmuşdu.
1991-ci il noyabrın 19-da Xocavənd rayonun Xocavənd kəndi ermənilər tərəfindən işğal edildikdən sonra Qaradağlıda vəziyyət daha da ağırlaşdı. Kənd mühasirə vəziyyətinə düşdü. 15-dən artıq ermənilər yaşayan kəndlə əhatə olunmuş bu yaşayış məntəqəsində vəziyyət daha da acınacaqlı hal aldı. Yerli sakinlərdən ibarət özünümüdafiə dəstəsi düşmənin aramsız hücumları qarşısında mərdliklə dayanmasına baxmayaraq silah və sürsatın az olması onları narahat etməyə başlamışdı.
1992-ci il fevralın 15-də Qaradağlı kəndinə hücum edən erməmi hərbi birləşmələri müdafiəçilərin güclü müqavimətinə rast gələrək geri çəkildilər. Həmin vaxt kənddə 117 nəfər var idi. Onlardan 13 nəfəri Qaradağlılara kömək məqsədi ilə ayrı-ayrı rayonların özünümüdafiə batalyonlarından göndərilmişdi. 104 nəfəri isə kənd sakini idi.
Düşmənlər fevralın 16-da səhər saatlarında daha böyük qüvvə ilə yenidən hücuma keçdilər. Kəndin içərisinə soxulmuş təcavüzkarlarla müdafiəçilər arasında baş verən toqquşmada hər iki tərəfdən ölənlər və yaralananlar oldu. Düşmənin Xocavənd şəhəri (keçmiş Martuni) istiqamətindən olan həmlələrinin qarşısının alınması məqsədi ilə təşkil olunuş 1 saylı gözətçi postuna rəhbərlik edən Qaradağlı özünümüdafiə dəstəsinin qorxmaz üzvüləri postda keşikdə dayanmış Xanalı Hüseynov və Altay Həsənovla birlikdə igidliklə vuruşaraq həlak oldu. Qaradağlı Milis bölməsinin cəsur əməkdaşları, kəndin cəsur oğullarından ibarət özünümüdafiə dəstəsi yaradılmışdır və hər biridə mərdliklə döyüşürdülər. Silah sürsat cəhətdən qat-qat üstünlüyə malik qəsbkarlar bu dəfə də kəndi ələ keçirə bilmədilər. Bir ovuc insanın böyük bir qüvvə qarşısında bu qədər dayanması həqiqətən də ağılasığmaz qəhrəmanlıq idi.
Fevralın 17-də səhər saat 05:00-da erməni hərbi birləşmələri bir neçə istiqamətdən Qaradağlıya sonuncu və daha geniş miqyaslı hücuma keçdilər. Hücum edənlər arasında ermənilərlə bərabər xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar və Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgər və zabitləri də var idi. Kənə daxil olmuş qəsbkarlarla mətin müdafiəçilər arasında təxminən 11 saat davam edən qanlı savaş başlandı. Sayca müdafiəçilərdən dəfələrlə çox olan, müasir silahlarla silahlanmış təcavüzkarlar kəndin içərilərinə doğru irəliləyirdilər. Müdafiəçilər az saylı və pis silahlanmış olsalar da doğma kəndlərini düşmənə təslim etməməkdə israrlı idilər və əzimlə vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirirdilər.
Döyüşçülərin sürsatı tükənirdi. Onların özlərinə istehkam seçdikləri kolxozun və kənd sovetliyinin inzibati binası mühasirəyə alınmışdı. Güllələr yağış kimi binanın üzərinə yağırdı.Köməksiz qalan Qaradağlı kəndi işğal edildi. Sağ qalan 100-dən artıq adam girov götürüldü. Birinə gənclərin, digərinə isə yaşlıların mindirildiyi “Kamaz” markalı maşınlar Xankəndinə (keçmiş Stepanakert) doğru istiqamət aldılar. Ermənilər qisas məqsədilə yol boyu harada erməni öldürülübsə, orada maşınları saxlayaraq girovları güllələyirdilər.
İçərisində əsirlərin olduğu maşınlar növbəti dəfə Qaradağlı kəndinin 2 km-də “Bəylik Bağı” adlanan ərazidə dayandı. Silahlılar girovların bir hissəsini burada güllələmək niyyəti ilə gənclərin mindirildiyi maşından 10 nəfərin könüllü olaraq düşməsini tələb etdilər. Düşmənin silahından açılan güllələr onların sinəsini dəlmə-deşik etdi. Burada qətlə yetirilmiş 30-da artıq adamın meyiti “Silos” quyusuna atılaraq üzərinə torpaq töküldü. Girovların bir qismi də ermənilər yaşayan Ningi kəndində və Xankəndi türməsində işgəncə verilərək qətlə yetirildi. Girovluqdan qayıdanların bəziləri də aldıqları zərbələrin, işgəncələrin təsirindən sonradan dünyasını dəyişdi.
Təpədən dırnağadək vətən sevgisi ilə silahlanmış bu məğrur insanlar öz mübarizlikləri ilə şanlı bir səlnamə yaratdılar. Tarixə QƏHRƏMAN KƏND olaraq yazdılar Qaradağlının adını.
Əziz Qaradağlılar tezliklə qayıdacaqsız öz doğma elinizə-obanıza. O zamanda şəhid ruhlar sevinəcək. İnşallah o gün uzaq deyil. Biz tezliklə QƏLƏBƏ xəbərini alacayıq. Qarabağı tezliklə görmək arzusu ilə yaşayan...

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Qaradağlılar Qaradağlını tarixə qəhrəman kənd  olaraq yazdılar.