31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Azərbaycanlıların soyqırımından 102 il ötür

Erməni şovinistlərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XIX əsrin əvvəllərindən etibarən azərbaycanlıları tarixən yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurublar. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Salyan və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir. On minlərlə insan itkin düşmüşdür.

Martın 31-i sıradan bir gün deyil. Azərbaycanın tarixi, o cümlədən xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı gənc nəslin məlumatlandırılması hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımları 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar həyata keçirilib. Ermənilər Bakıda soyqırımı törətməyə 1918-ci ilin yanvarında cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin erməni şovinistləri bu məkrli niyyətlərini 1918-ci ilin martında həyata keçirərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Bu qanlı cinayətlərə görə layiqli cəzalarını almayan ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərində daha bir qanlı qırğın törədərək yüzlərlə azərbaycanlını qətlə yetirdilər, şəhəri yerlə-yeksan etdilər. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Ermənilərin son 100 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə - Türkiyəyə, İrana, Gürcüstana qarşı da ərazi iddiaları irəli sürüb “böyük Ermənistan” yaratmaq iddiasına düşdülər. Müəyyən xarici dövlətlər tərəfindən himayə olunan ermənilər zaman-zaman bu iddialarla Azərbaycanın ərazilərini mənimsəməyə başlayıblar.

Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər təkcə XX əsrdə soydaşlarımıza qarşı ermənilər tərəfindən aparılan soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində 1918-1929-cu illərdə tarixi ərazilərimizin 29,8 min kilometri, 1991-1993-cü illərdə isə 20 faizi işğala məruz qalıb. Mart soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmana əsasən, xalqımız hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə qeyd edir. Xalqımızın başına gətirilən soyqırımı hadisəsi, bu qanlı faciələrə əsl hüquqi qiyməti məhz ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir
Azərbaycan Respublikasının I vitse Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət aparır.
Quba kütləvi məzarlığı Azərbaycanlıların soyqırımının variz nümunəsidir. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıq. Məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb.Burada Azərbaycanlılar və Yahudilər basdırılıb. Indiyənədək burada 400 insan qalığı tapılıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törədikləri qətliamların bir hissəsəsidir. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.
Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Ermənistanın bütün dünyada işğalçı dövlət kimi tanınacağ. İşğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağ. O gün uzaqda deyil!


Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Yeganə Telmanqızı
“İctimaixeber.com”