Mən bu günə qədər Maqsud Mahmudova görə banka 400 min manat borc ödəmişəm - Məhkəmə (ƏLAVƏ OLUNUB)

Mən bu günə qədər Maqsud Mahmudova görə banka 400 min manat borc ödəmişəm - Məhkəmə (ƏLAVƏ OLUNUB)

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Ictimaixeber.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Səhər Abbasova bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təstiq edir: "Sumqayıtda Kas Veqas restoranını Maqsud almışdı. Sonradan satdı. Ələsgər Ələkbərov küçəsindəki evdə mən yaşamışam. Sonra mən başqa evə köçdüm, Maqsud o evi də satdı. Daha sonra Parlament prospektindəki evdə yaşamışam. Oradan da başqa ünvana köçdüm və Maqsud həmin evi də satdı. Maqsud xaricə köçəndən sonra borc sahibləri gəldi, evdəki əşyaları onlara verdim".

Maqsudun keçmiş həyat yoldaşı Səhər Abbasova qeyd edib ki, Ukraynaya getməzdən 2-3 il əvvəl Maqsud müflis olmuşdu.

"Artıq onun yeni əmlak almağa imkanı yox idi. Badamdarda 2 yerdə hər biri 12 sot olmaqla torpaq sahəsi almışdıq. Maqsud onu mənim adıma almışdı. Maqsudun geyinmədiyi kurtkalar, ayaqqabıları var idi. Onu sürücü Emin aparıb İlhama verdi. İlham sənəd imzaladı, qol çəkdi ki, Maqsudun ona borcu yoxdur. Amma mən Maqsuddan boşanandan sonra həmin sənədi cırıb atdım", - o bildirib.

Prosesdə ifadə verən zərərçəkmiş Sevinc Hacıyeva bildirib ki, 2011-ci ildə Yasamal rayonu Nazim Hikmət küçəsində Maqsud Mahmudova məxsus lombardda nəzarətçi olub.

"Vətəndaşlardan qızıl götürüb, pul verirdik. Pullar qaytarılandan sonra qızılları verirdik. Problem olmurdu. Sonradan problem yarandı. Maqsudun banka borcu oldu, kredit faizlərini gecikdirdi. Bu da bankla Maqsud arasında problemə səbəb oldu. Pulu özü xərclədi, bankların pulunu verə bilmədi, bank da qızılları qaytarmadı. Qızıl və ödənişləri mən və Könül adlı qız qəbul edirdik. 3 filialı var idi Maqsudun. Qızıllar yığılırdı, birlikdə banka girov qoyurduq, pul götürüb verirdik müştərilərə", - deyə şahid bildirib.

Maqsud Mahmudovun suallarını cavablandıran şahid deyib ki, lombarda hər həftə 100, 150, 200 manat verib: "Təxminən bu proses bir aya kimi davam etdi. Maqsud deyirdi, mən də qol çəkdirib verirdim. 400 qram qızılın itməsi yalandır. O qızılı biz gətirib Maqsuda verdik. Maqsud onu özü götürmüşdü, bu görüntülər kameraya da düşmüşdü. Özünə lazım idi götürüb itirdi, atdı bizim üstümüzə. Yiyəsiz adamlar idik, Maqsuda gücümüz çatan deyildi. Maqsud qaçıb gedəndən sonra hər şey qaldı Mədinənin üstündə. Müştərilər hamısı düşdü Mədinənin üstünə ki, qızılları sənə vermişik".

Prosesdə ifadə verən lombard işçisi Mədinə İsrafilova isə deyib ki, 2011-ci ildən lombardda işləyib.

"İş axtarırdım, yaxınlaşdım lombarda, işə götürdülər. 2 aydan sonra Maqsud məni göndərdi Lökbatandakı lombarda. Orada hər şeyə mən nəzarət edirdim. 2015-ci ildə Maqsud dedi ki, VÖEN-i bir aylıq mənim adıma keçir. Dedi ki, bir aya çıxaracam. Amma çıxarmadı. Maaşımı 100 manat artırdı. Normal işləyirdik. Banklarda kreditlər mənim adıma idi. 2019-cu ildə Maqsud dedi ki, gəl qızılları sataq, Azərbaycandan qaçaq. Mən bu təklifi rədd etdim. Mən onkoloji xəstəyəm. Ona dedim ki, qızılları öz adına keçir, nə istəyirsən elə. Maqsud mənə hədə-qorxu gəldi. Amma mən yenə razılaşmadım. Bir gün səhər xəbər çıxdı ki, Maqsud Mahmudov Azərbaycandan qaçıb. Bundan sonra müştərilər töküldü üstümə, məni ölümlə hədələyirdilər. Təsəvvür edin, bir gecənin içində 300 min manat borc yazıldı adıma. Atam, anam, qardaşım rəhmətə gedib, heç kimim yoxdur. Maqsud dedi ki, get borcları ver, mənlik deyil. Qardaşı Mahmuda və yoldaşına zəng vurdum ki, gəlin lombarda sahib çıxın. Dedilər ki, bizlik deyil. Heç biri yaxın durmadı. Bacısı Təranənin yoldaşı gəlib maraqlandı ki, qızılların borcu 300 min manatdırsa, banka borcu 900 min manatdır. O da imtina elədi. Rayondan qohumlarım gəldi, yığışdılar pulların bir qismini yığdılar, qaytardım. Mən kirayədə yaşaya-yaşaya hələ də banklara kredit ödəyirəm.
Borc sahibləri qabaq qapıdan gəlirdi, Maqsud arxa qapıdan qaçıb gedirdi. Maqsud qaçıb getmişdi, müştərilər tökülmüşdü üstümə. Məni bıçaqla, ülgüclə hədələyirdilər. Qorxumdan gah stolun altında, gah ayaqyolunda gizlənirdim. Qorxurdum ki, öldürərlər. Firudin və Aslan Maqsuda nə qədər pul verib, hamısını atıb. Deyirdi ki, Aslan və Firudin "lox"dur, onlara pul qaytaran deyiləm", - o bildirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.