İki azyaşlı qızı əlil anadan ürəkparçalayan müraciət: “Xalqıma qurban olum...” - Video

İki azyaşlı qızı əlil anadan ürəkparçalayan müraciət: “Xalqıma qurban olum...” - Video
Ağdam köçkünü Əliyeva Rahilə Tofiq qızı iki azyaşlı övladını müalicə etdirə bilmir. İki qızı əlil olan məcburi köçkünün sözlərinə görə, onların əməliyyatı Türkiyədə mümkündür.

Cahan.info-nun məlumatına görə, 11 və 12 yaşlı Əfsunla Əfsanəyə epilepsiya diaqnozu qoyulub. Amma özü bu diaqnoza o qədər inanmır. Bununla belə, iki azyaşlı qız eşitmə qabiliyyəti olsa da, danışa bilmirlər.

R.Əliyeva bildirir ki, dövlətin köçkünlərə verdiyi evdə məskunlaşıb: “Mənim imkanım yoxdur iki balamı xaricdə əməliyyat etdirim. Bunun üçün böyük pul lazımdır.

Biz kasıb ailəyik və hər gün balalarımı belə görəndə ürəyim qubar olur. Mən də istəyirəm ki, onlar sərbəst gəzsinlər, danışsınlar, həyatı xoşbəxt yaşasınlar.

İki qızı əlil olmaq bir valideyn üçün nə deməkdir, bunu analar bilər. Gözümün qabağında əriyirlər, hər dəfə onların əzablarını görəndə ürəyim partlayır. İstəmirəm ki, kiməsə möhtac olsunlar”.

R.Əliyeva Azərbaycan xalqına, dövlət rəhbərliyinə, Mehriban Əliyevaya üz tutub: “Xalqıma qurban olum. Bizim millət bir-birinə dar gündə həmişə əl tutur. Mənim günümü-güzəranımı görürsünüz.

Sizdən nə ev, nə artıq pul istəyirəm. Ancaq və ancaq iki qızımın toyunu görmək, sevinmək üçün onların əməliyyat xərclərinə köməklik göstərin. Mən də, onlar da bu əzablardan xilas olmaq istəyirik.

Ona görə başda cənab prezidentimiz və Mehriban xanım olmaqla, bütün dövlət məmurlarından, nazirlərdən, ölkəmizdə xeyriyyəçi iş adamlarından xahiş edirəm ki, bu müraciətimlə tanış olsunlar, evimizə gəlib qızlarımın vəziyyətinə baxsınlar, müayinələrdən keçirsinlər və əməliyyat xərclərini qarşılamağa dəstək versinlər.

Yoxsa ömrümün sonuna qədər bu əziyyət və ağrılar içində yaşamağa, gözü yaşlı olmağa məhkum olacağıq. Əziz xalqım və möhtərəm dövlət başçımız, Əfsun və Əfsanə hər şeyi eşidir, duyur, amma danışa bilmirlər. Bu, dəhşətli əziyyətdir.

O iki balamın və Allahın naminə, bizə köməklik edin. Bizim dövlətdən və xalqdan başqa umacağımız yer yoxdur”.

R.Əliyeva Qafqazın şeyxinə, hacılara, iş adamlarına, sənət adamlarına, vəzifəli şəxslərə, xaricdə yaşayan soydaşlarımıza da müraciət edərək onlardan iki azyaşlı əlil qızının əməliyyatı üçün köməklik istəyib:

“Qızlarım özləri hərəkət edə bilmirlər. Günün çox vaxtı uzanırlar. Onların indi gəzən-dolaşan, oxuyan, sevinən vaxtıdır. Amma həyatın gülən üzü onların üzünə bağlanıb. Mən hörmətli deputatlardan, Qənirə Paşayeva, Jalə Əliyeva, spiker Oqtay müəllimdən, cəmiyyətin sayılıb-seçilən adamlarından köməklik gözləyirəm”.