Köçkünlərdən Tərtərdə ifşa edilən casus şəbəkəsinin yaxınlarına: “Erməniyə işləmiş bu xainlər güllələnsin” - Video

Köçkünlərdən Tərtərdə ifşa edilən casus şəbəkəsinin yaxınlarına: “Erməniyə işləmiş bu xainlər güllələnsin” - Video
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşasından sonra istintaq onların vətən xainliyini müəyyən edib.

Cahan.info xəbər verir ki, hazırda qapalı məhkəməsi gedən həmin casus şəbəkəsinin yaxınları son günlər fəallaşıblar. Bəzilərinin valideynləri, bəzilərinin qohumları xaricdəki anti-Azərbaycan şəbəkəsindən və fondlarından maliyyələşən media orqanlarına müsahibələr verməyə, onların guya günahsız olduğunu söyləməyə çalışırlar.

Tutulan hərbçi və mülki şəxslərin yaxınları ermənipərəst mətbu orqanlarda etdikləri çıxışlarında düşmənə məxfi informasiyalar ötürmüş satqınları müdafiə etməyə cəhd göstərirlər.

Qeyd edək ki, onların məhkəməsi gedir, ölənlərin ölümündə şübhəli bilinən şəxslərin də istintaqı gedir. Yəni, Azərbaycan dövləti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı məhkəmə-istintaq prosesi hərtərəfli, obyektiv aparılır, bütün incəliklər araşdırılır.

Lakin Tərtərdə yaxalanan həmin şəbəkənin vətənə xəyanəti, ermənilərə xidməti sübuta yetirildiyi halda, yaxınları hansısa qruplar tərəfindən yönləndirilir, fəallaşdırılır, xarici dairələrə xidmət göstərən media quruluşlarına çıxaraq danışırlar.

Bu məsələ isə şəhid ailələri və məcburi köçkünlər tərəfindən daha böyük etirazla qarşılanıb. Onlar qarayaxma kampaniyası aparanları lənətləyiblər.

Belə ki, müstəqil jurnalist Xəyyam Salmanzadənin rəhbəri olduğu internet televiziyası “Salmanzadə TV” Bərdədə köçkün şəhərciyində olub, onların fikirlərini öyrənib.
Ağdərədən qaçqın olan Arif Meydanov “Salmanzadə TV”-yə bildirib ki, damarında təmiz türk qanı axan adam belə binamusluq eləməz.

Onun sözlərinə görə, Tərtərdə ifşa edilmiş casus şəbəkəsi ölümə layiqdir: “Onlara ölüm də şərəf olar. Bu şəxslər şəhid analarının və xalqımızın qarşısında mühakimə olunmalıdır, sonra güllələnməlidir.

Baxmayaraq ki, bizdə ölüm hökmü ləğv edilib, edam yoxdur. Ancaq biz dövlətimizdən xahiş edirik ki, erməniyə casusluq eləmiş, onlara informasiyalar ötürmüş bu şərəfsizlər üçün istisna qərar icra edilsin və güllələnsinlər”.

Məcburi köçkün A.Meydanovun sözlərinə görə, Tərtərdə tutulan bu dəstənin davamçılarından biri də bu günlərdə Rusiyadan Azərbaycana ekstradisiya olunan Ermənistan xüsusi xidmət orqanlarının agenti Fəxrəddin Abbasovdur:

“Bu adamlar vətənini satıblar. Vətəni satmaq öz anasını, yaxınlarını satmaqdır. Adam belələrini görəndə qanı donur. Çünki üzlərinə tüpürməyə də dəyməz. Bizi bu günə salan belə satqınlardır. Mən niyə Ağdərədə, öz yurdumda yaşamamalıyam?

Əlbəttə, dövlətimiz biz köçkünlərə şərait yaradıb, ev verib, başımızı dik tutur, amma mənə öz yuvam lazımdır. Ancaq Fəxrəddin kimi Tərtərdəki satqın şəbəkə ən ağır cəzaya layiqdir, onlar güllələnməlidir. Biz bu adamlara nifrət edirik”.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı Ziyafət İsmayılov da müsahibəsində söyləyib ki, 2017-ci ildə vətənini satmış, hərbi sirrləri erməniyə ötürmüş adamların yaxınları ağıllarını başlarına yığmalıdır:

“Onlarda vicdan varsa, bu qarayaxma kampaniyasını, böhtanı dayandırsınlar. Onlarda vicdan varsa erməni işləyən həmin media orqanlarına müsahibələrə son qoysunlar. Onlar özləri dövlətimizdən istəməlidir ki, vətən xaini olan bu şəxslər ən ağır şəkildə cəzalandırılsınlar.

Qanunvericilikdə nəzərdə tutulmayan ən ağır cəzalar bu satqınlara verilməlidir ki, xainlərə dərs olsun. Azərbaycanın çörəyini ye, suyunu iç, torpağına ayaq bas, böyüdüb boya-başa çatdır, orduya göndər, axırda satqın çıxsın, əsgər yoldaşını, komandirini, ordusunu Xocalı qatillərinə, terrorçu ermənilərə, bizi evindən didərgin salanlara aparıb satsın. Belə şərəfsizliyə nə deyəsən?! Ancaq güllələnmə.

Biz tələb edirik ki, onların valideynləri, yaxınları sussunlar, ayıblarına kor olsunlar, xəcalət çəksinlər. Xarici şəbəkələrə işləyən medialara çıxıb yalan danışmasınlar. Bilsinlər ki, dövlət və xalq satqınları bağışlamır.

Biz şəhidlərimizin qarşısında baş əyirik, torpaqlarımıza qayıtmaq istədiyimizi bildiririk və həmin xainlərə “ölüm olsun” deyirik”.

Ağdamdan məcburi köçkün Bəkir Hacıyev də “Salmanzadə TV”-nin hazırladığı reportajda çıxış edərkən bildirib ki, erməniyə bir qarış da torpaq düşmür: “Bunu anlasınlar və kim erməniyə məxfi xəbər ötürəcək, dövlətin sirlərini satacaq, əsgər yoldaşını satacaq, cəzası belə olacaq.

Onlar güllələnməlidir. Necə ki, İranda xainlər dar ağacından asılır, bizdə də icra olunmalıdır. Ona görə çirkin böhtan atanlar dayansınlar”.

Şəhid ailəsi olan Yaşar Nuriyev də vətən xainlərinin yaxınlarına çağırış edərək susmağa dəvət edib:

“Biz yaxınlarımızı şəhid verməmişik ki, satqınların yaxınları bəzi mətbuat səhifələrinə çıxıb onları müdafiə eləsinlər, günahsız çıxarsınlar”.

Qeyd edək ki, 2017-ci il, mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həbs-qətimkan tədbiri seçilib.