4 körpəsi olan qaçqına sosial müavinət verilmir: “Laçında belə yerdə yaşamırdım...” - Video

4 körpəsi olan qaçqına sosial müavinət verilmir: “Laçında belə yerdə yaşamırdım...” - Video
Bərdənin mərkəzindən 5 kilometr aralıda yaşayan laçınlı daha bir köçkün - Almaz xanımın və ailəsinin ürək ağrıdan yaşayış şəraiti işıqlandırılıb

Cahan.info məlumat verir ki, “Salmanzadə TV” Laçının Qaraça kəndindən olan bu məcburi köçkün ailəsinin acınacaqlı vəziyyətini məmurların diqqətinə çatdırıb.

Onlar uçuq-sökük, darısqal bir daxmada yaşayırlar. Evdə Almaz xanım, xəstə həyat yoldaşı, qızı və 4 nəvəsi yaşayır.

Video kadrlardan da şahid olursunuz ki, Bərdədə bərbad bir yerə sığınmış ailə hansı şəraitdədir.

Almaz xanımın ailəsinə nə Laçın, nə Bərdə icra hakimiyyətləri əl tutub. Pensiya ilə səfalət, yoxsulluq içində sürünən qaçqın ailəsinə heç sosial yardım da verilmir.

“Mən Laçında belə yerdə yaşamırdım, belə evim yox idi, bala. Bizi gör nə günə qoyublar. Belə yerdə heç adam yaşayar? Heç olmasa gəlib təmir eləsinlər. Axı biz düşmən hücumundan köçkün düşmüşük, bu dövlətin vətəndaşlarıyıq.

Bərdənin, Laçının icra başçılarının yanına gedirik, müraciətə baxmırlar, gəlib maraqlanmırlar. Betonun üstündə yaşayırıq, ay oğul.

O məmurlar bir gecə bu evdə qalmazlar. Özlərinin gözəl şəraiti var, yerləri istidir, qarınları toxdur, bizdən nə xəbər tutacaqlar?

Mən burda atasız 4 nəvə saxlayıram. Ataları onları atıb gedib. İndi dövlət bizə sosial yardım vermir ki, bu uşaqların ehtiyacları qarşılansın. Nə sosial yardım verilir, nə “Qaçqınkom”un rəhbəri kömək edir.

Xahiş edirəm ki, bütün bunlar prezidentə çatdırılsın. O heç vaxt razı olmaz ki, vətəndaşı bu şəraitdə yaşasın. Ancaq icra başçılarının vecinə deyil.

Qızımın həyat yoldaşı yoxdur, 4 uşağa necə baxsın? Biz öləndə bu uşaqlara kim baxacaq? Pensiya ilə dolanmaq olmur axı”, - deyə Almaz xanım narazılığını bildirir.

Onun sözlərinə görə, 4 uşaq var, amma sosial ünvanlı yardım verilmir: “Bizə ev vermirsən, heç olmasa təmir elə. İcra başçısı baxmır, köməklik eləmir. Uşaqlara sosial yardım düşür.

Evdə işləyənimiz yoxdur, gəlir yeri yoxdur, maşınımız, bahalı əşyalarımız yoxdur. Bu uşaqların taleyi necə olacaq? Xahiş edirəm ki, gəlib bizim vəziyyətlə tanış olsunlar”.

Ailə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən sosial müavinət verilməsi üçün köməklik göstərilməsini xahiş edib. Eyni zamanda prezidentdən, “Qaçqınkom” sədrindən laçınlı ailəyə təcili yardım olunması istənilib.

Həqiqətən də son vaxtlar “Salmanzadə TV”-nin ayrı-ayrı bölgələrdən hazırladığı süjetlər, şəhid ailələrinin, köçkünlərin düşdüyü ağır şərait, kimsəsiz, əməliyyata ehtiyacı olan vətəndaşların çarəsizliyi, dövlət məmurlarının onları eşitməməsi acı mənzərəni ortaya qoyub.

Prezident məmurları bu vəzifələrə təyin edib ki, xalqla işləsinlər. Amma vətəndaşı dövlətdən, prezidentdən narazı salanlar var. Bu yaxşı hal deyil. Dövlət-vətəndaş münasibətlərini pozmağa yönəlik, körpüləri yandırmağa doğru addımlardır.

O baxımdan şikayətlər çoxalır, insanlar mediaya çıxırlar, çünki güman yerləri qalmır. Hesab edirlər ki, mətbuat vasitəsi ilə səsləri prezidentə çatar.

Əslində, arzulamazdıq ki, “Salmanzadə TV”-də bu qədər sərvəti, iqtisadi imkanı olan ölkədə insanların acınacaqlı şəraiti ilə bağlı şikayətlər işıqlandırılsın.

Onların xoş həyatından, gülən üzündən çəkilişlər aparmaq arzusundayıq. Ümid olunur ki, xilas ediləcək ailə Almaz xanımın nəvələri olacaq.

Bu baxımdan nazir Sahil Babayevin, o cümlədən “Qaçqınkom” rəhbəri Rövşən Rzayevin tapşırıq verəcəyinə böyük inam, gözlənti var.