Qurban Qurbanov: "Bu cür yazılara fikir vermirəm"

Qurban Qurbanov: "Bu cür yazılara fikir vermirəm""Bizim üçün həddindən artıq çətin oyun oldu. Rəqib yenə yaxşı oynadı və məğlubiyyətə layiq deyildi. Qalib gəlməsəydik də, razı qalacaqdım. Çünki çox ağır oyun keçirdilər. Bundan sonrakı matçlarımız daha ağır keçəcək".

Ictimaixeber.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

"Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq" deyə Qurbanov bildirib.

Baş məşqçi "Araz Abdullayev meydana daxil olduqdan cəmi 3 dəqiqə sonra fərqləndi. Bu, məşqçi intuisiyası idi" sualına belə cavab verib: "Uğurlu olanda deyirlər məşqçi intuisiyasıdı, uğursuz əvəzetmədən sonra məşqçi günahkar çıxır. Arazı təbrik edirəm. Sürətlə cinahdan cərimə meydançasına daxil olmağı bacarır".

Qurbanov Mahir Mədətov barədə yazılara reaksiya vermədiyini vurğulayıb: "Bu cür yazılara fikir vermirəm. Dəfələrlə demişəm ki, Mahir öz oyunu, intizamlı davranışı ilə azarkeşlərin sevgisini qazanmalıdı. Mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Amma hər yerdə belə yazılar olur. İstərdim ki, Mahir öz oyunu ilə azarkeşlərin rəğbətini qazansın".

Mütəxəssis "Sumqayıt" üzərində 6:0 hesablı qələbənin komandasında arxayınçılıq yaratmadığını bildirib: "Hər məşqdə bunu futbolçulara xatırladırdım. Açığı, hiss etmədim ki, futbolçularda arxayınçılıq var idi".