KOBİA ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb

KOBİA ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu əməkdaşlığa dair anlaşma memorandumu imzalayıbQazaxıstanın paytaxtı Nur-Sultanda təşkil edilən “Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın müvafiq qurumu olan “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Damu” Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri xanım Qauxar Buribayeva arasında keçirilmiş görüşdə Azərbaycan ilə Qazaxıstanda kiçik və orta sahibkarlığın inkişafı, hər iki qurumun fəaliyyəti barədə söhbət açılıb, əməkdaşlıq imkanlarına, təcrübə mübadiləsinə və qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb.

Görüşdən sonra KOBİA ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu və birgə tədbirləri müəyyən edəcək yol xəritəsi imzalanıb.

Sərgi çərçivəsində, həmçinin KOBİA-nın nümayəndələrinin Qazaxıstanın bir sıra dövlət və özəl qurumlarında görüşləri təşkil olunub. KOBİA-nın idarə heyətinin sədri O.Məmmədovla Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Ayan Erenovin görüşündə Azərbaycan və Qazaxıstanın kiçik və orta biznes (KOB) subyektləri arasında əlaqələrin genişləndirilməsinə, qarşılıqlı ixrac missiyalarının təşkilinə, biznes assosiasiyalarına dəstək mexanizmlərinə dair müzakirələr olub.

“KazakhExport” ASC-nin idarə heyətinin sədri Ruslan İsakovla görüşdə qarşılıqlı biznes missiyaların təşkilinə, “Baiterek” ASC-nin idarə heyətinin sədr müavini Galymzhan Tajiyakovla görüşdə isə KOB-lara maliyyə institutlarının və mexanizmlərinin dəstəyi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

“Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində KOBİA-nın idarə heyətinin sədri Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurtla da görüşüb. Görüşdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, eləcə də KOBİA-nın nümayəndələrinin Türkiyəyə nəzərdə tutulan səfəri ilə bağlı müzakirələr olub.

KOBİA-nın nümayəndələri “Damu” Sahibkarlığın İnkişafı Fondunun tabeliyində fəaliyyət göstərən və sahibkarlara müxtəlif məsləhət xidmətləri təklif edən Sahibkarlara Xidmət Mərkəzində də olublar. Onlara mərkəzin iş prinsipləri, sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilib.