Azərbaycan Çində keçirilən Dünya Limanlar Konfransında təmsil olunur

Azərbaycan Çində keçirilən Dünya Limanlar Konfransında təmsil olunurÇinin Quancou şəhərində Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik Dünya Limanlar Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 50 ölkədən minədək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransda yeni texnologiyaların tətbiqi ilə limanların davamlı inkişafı, Çinin "Bir kəmər, bir yol" strategiyası çərçivəsində limanların əməkdaşlığı məsələləri müzakirə olunur.

Xatırladaq ki, mənzil-qərargahı Tokioda olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib. Beynəlxalq Limanlar Assosiasiyasının ötənilki konfransı isə Bakıda keçirilmişdi.