Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib VİDEOAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri" adlı tədbir keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin AAYDA-nın binasındakı büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Tədbir AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açaraq Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyulduğunu bildirib.

S.Məmmədov qeyd edib ki, bu gün həmin islahatların nəticəsində ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub, yol infrastrukturuna dair böyük əhəmiyyət daşıyan layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.

Bununla yanaşı, idarə heyətinin sədri Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açıb.