Azərbaycan UNESCO-nun konfransında təmsil olunur

Azərbaycan UNESCO-nun konfransında təmsil olunurParisdə, UNESCO-nun mənzil qərargahında sülhün və su ehtiyatlarının davamlı təhlükəsizliyinin təmin edilməsi üçün sektorlararası qarşılıqlı fəaliyyətdən istifadə olunmasına dair beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Fərda İmanov təmsil edir.

Kosmosdan peyklər vasitəsilə çəkilmiş şəkillərdə Yer kürəsinin səthində bol su mənbələri olmasına baxmayaraq, dünya okeanının cəmi 1 faizi istehlak üçün yararlı içməli sudan ibarətdir. Praktiki olaraq insanın bütün fəaliyyəti – qida məhsulları istehsalı, enerji istehsalı, sənaye və asudə vaxtın təşkili su ehtiyatlarından asılıdır. Su ehtiyatlarının idarə edilməsi insanların sağlamlığına və ekosistemlərin vəziyyətinə təsir göstərir, gender bərabərliyi, təhsil, regionların mədəni müxtəlifliyi sahəsində vəziyyəti əks etdirir. Su ehtiyatları davamlı inkişaf və yoxsulluğun azaldılması üçün həlledici əhəmiyyət kəsb edir.

Bu baxımdan UNESCO müasir problemlərin novator həllərinin mübadiləsi üçün əlaqədar tərəfləri və tərəfdaşları birləşdirərək 2 gün ərzində müzakirəlrə aparacaq. UNESCO təhsil, elm (təbiət, sosial və humanitar elmlər), mədəniyyət və kommunikasiya sahəsində öz təcrübəsi, bilikləri sayəsində su ehtiyatlarının idarə edilməsi problemlərinin həllinə davamlı yanaşmalar əsasında töhfə verir.

UNESCO konfransının məqsədi aidiyyəti tərəfləri və tərəfdaşları bir daha toplayaraq su ehtiyatlarının idarə edilməsinə sektorlararası yanaşmaların müzakirəsini davam etdirmək, su ehtiyatlarının sektorlararası idarə edilməsi yollarının tətbiqinə kömək üzrə tədbirlər görməyə çağırmaq, informasiyanın şəffaflığını və mübadiləsini təmin edən qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək, üzv dövlətlərin su ehtiyatları ilə bağlı beynəlxalq proqramların hədəflərinə nail olmağa kömək üçün fənlərarası yanaşmanın və elmlərin inteqrasiyasının zəruriliyini nümayiş etdirmək və müasir problemlərin innovativ həl yollarını bölüşməkdir.