"Əfv olunan şəxslərin bəzilərinin və siyasilərin çıxışı xoşuma gəlmir" — Aqil Abbas

"Əfv olunan şəxslərin bəzilərinin və siyasilərin çıxışı xoşuma gəlmir" — Aqil Abbas
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncam 431 nəfərə şamil olundu. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Əfv olunanlar sırasında tanınmış məhkumlar da var.

Millət vəkili, yazıçı Aqil Abbas Moderator.az-a açıqlamasında bayram ərəfəsində ölkə başçısının imzaladığı əfv sərəncamının təqdirəlayiq olduğunu bildirdi:

“Əfv sərəncamı Novruz Bayramı ərəfəsində azadlığa çıxan məhkumlara bayram hədiyyəsidir. Onlar ailələrinə, əzizlərinə, balalarına, qovuşdular, buna yanlız sevinmək olar. Böyük bir əfv sərəncamıdır. Möhtərəm prezident tərəfindən bu günə kimi 32 əfv sərəncamı imzalanıb və bu da 33-dür. Minlərlə məhbus əfv olunub və bura onun siyasi baxışının aidiyyatı yoxdur. Bu dəfə də ölkə başçısı tərəfindən əfv olunanlar sırasında insan hüquqları ilə məşğul olanların siyasi məhbus adlandırdıqları şəxslər də azadlığa çıxdı, amma onların hər biri müəyyən bir cinayətə görə həbs edilmişdi. Onların əfv olunması bir daha onu göstərdi ki, Azərbaycanda insanları siyasi görüşünə görə təqib etmirlər”.

A.Abbas bəzi məhbusların və siyasi şəxslərin çıxışlarının həqiqətə uyğun olmadığını bildirdi:

“Rayonda seçicilərimlə görüşən zaman onlar da ölkə başçısına bu hümanist addımına görə təşəkkürlərini çatdırmağımı xahiş etdilər. Əslinə qalanda siyahıda onların heç əfv olunan yaxınları yox idi. Əfv olunan şəxslərin bəzilərinin və siyasilərin çıxışı xoşuma gəlmir. Deyirlər ki, guya biz dedik, ya da Amerika deyəndən sonra o şəxslər azadlığa buraxıldı. Onda bu günə kimi imzalanan 32 əfv sərəncamı da onların sözləri ilə imzalanıb? İnsanın bir təşəkkür borcu olar. Emin Milli görürüsünüz ki, ölkə başçısına təşəkkür etdi və hətta vətənə qayıtmaq istəyir”.